Sabirabad rayonunun ictimai-siyasi “Muğanın səsi” qəzetinin 17 noyabr 2020-ci il tarixli 23-cü nömrəsində dərc edilmiş “Vaxtilə məşhur olan “Seyidovun villası” tar-mar edilib” sərlövhəli tənqidi yazıda tikilinin baxımsızlıq səbəbindən dağıdıldığından bəhs edilirdi.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı İqtisadiyyat Nazirliyindən cavab istəmişdik. İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun imzası ilə aldığımız cavab məktubunu dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad rayonu ərazisində Kür çayının sahilində yerləşən qeyri-yaşayış binasının hazırda baxımsız və istifadəsiz olması ilə bağlı 23 noyabr 2020-ci il tarixli 09 nömrəli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidmətində baxılmışdır.
Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qeyd olunun qeyri-yaşayış binası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki “Sabirabad Rayon Mərkəzi Xəstəxanasl” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsi” əsasında həmin xəstəxananın balansında olan sağlamlıq bərpa mərkəzi kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır.
Eyni zamanda bildiririk ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11.02.2020-ci il tarixli, 3229 nömrəli məktubunda həmin binanın 2010-cu ilin may ayında Kür çayının daşması nəticəsində yararsız vəziyyətə düşdüyü bildirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7.1-ci bəndində və “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 5.2-ci bəndində Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının qorunub saxlanılmasının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Bu baxlmdan, sözügedən dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə Xidmət tərəfindən məktub göndərilmişdir”.