1920-ci ilin sentyabrında Bakı Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov malyariya xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi komissiyanın müşayiəti ilə Sabirabadda (o vaxtkı Petropavlovkada) olub. 1920-ci ilin sentyabrın 30-dan oktyabrın 10-dək davam edən səfər son dərəcə maraqlı və faydalı keçir. Gəmi ilə gələn Nəriman Nərimanovu Mirzə Ələkbər Sabirin qızı Səkinənin yeznəsi Mir Murtuza ağa qarşılayır və evində qonaq edir.
Nəriman Nərimanov Sabirabada iki dəfə səfər edib, ikisində də Mir Murtuza ağanın evində qonaq olub. Hər iki gəlişində Nəriman Nərimanov çox hörmətlə qarşılanır.
Ailəyə yaxın olan, ədəbiyyatçı Səidə Hüseynova deyir ki, o vaxtlar səfər zamanı Nəriman Nərimanov ətrafından harada gecələyəcəyini soruşanda Mir Murtuza ağanın evində qalmağı məsləhət görürlər. Deyirlər ki, qəzanın ən hörmətli adamıdır, Mirzə Ələkbərin nəslindəndir.
Səidə xanım biraz da Mir Murtuza ağanın nəslindən danışır:
“Mənfur qonşularımız 1905-1918-ci illərdə Azərbaycanın bir çox yerlərində, o cümlədən Şamaxıda soyqrım törədirlər. Bu səbəbdən də Şamaxı əhalisinin bir hissəsi Cavad qəzasına (indiki Sabirabada) pənah gətirmişlər. M.Ə.Sabirin qardaşı uşaqları, yaxın qohumları da onların içərisində olublar. Sabirin qardaşı Mehdiqulunun oğlu Zeynalabdin ailəsi ilə birgə indiki Heydər Həmidov küçəsi, 8 nömrəli ünvanda (əvvəlki şamaxılılar məhəlləsində) məskunlaşıblar.
O vaxtlar həmin əraziyə Sabirin yaxın qohumu, tacir Mir Murtuza ağa da köçüb gəlmiş və indiki H.Həmidov küçəsində ailəsinə ev tikmişdir. Erməni qırğını bir az sakitləşdikdən sonra Mir Murtuza ağa Şamaxıya qayıdaraq Sabirin sabun bişirən tiyanını gətirir, düşünür ki, dolanışıqda çətinlik yaranarsa sabun bişirib satsın”.
... Deyirlər ki, o vaxtlar Kür çayı ərazinin lap yaxınlığından axırmış. Mir Murtuza ağa Nəriman Nərimanov gəldiyi gəminin lövbər saldığı Kür çayının sahilindən evlərinə qədər olan yola xalça, gəbə döşətdirir.
S.Hüseynova: “Mir Murtuza ağanın qızı Rasimə Möhsünzadə nəql edirdi ki, atam qonaqları əziz-xələf kimi qarşılayıb. Qonaqlar həyətə girəndə görürlər ki, ocaqda nahar üçün yemək hazırlanır. N.Nərimanovla gələn Ağamalıoğlu ehtiyat üçün qazanları yoxlayır. Bundan Mir Murtuza ağa çox pərt olur. Bunu Nəriman Nərimanov da görür, ancaq büruzə vermir. Yemək vaxtı Mir Murtuza ağanın könlünü almaq üçün Nəriman Nərimanov “Öz millətimin, Mir Murtuzanın əlləri ilə ölmək mənə böyük şərəfdir”,-deyərək məclisdə xoş əhvali ruhiyyə yaradır.
Mir Murtuza ağa M.Ə. Sabirin sabun bişirdiyi tiyanı da əziz qonağa göstərir.
N.Nərimanov: “Böyük şairdən yadigardı, müğayət olun, -deyir və ona göstərilən diqqətə görə öz razılığını bildirərək Bakıya qayıdır. Səfərin yekunu olaraq N.Nərimanov ərazidə yeni xəstəxananın tikintisinə qərar verir”.
N.Nərimanov bir il sonra savadsızlığın ləğvi ilə əlaqədar ikinci dəfə Petropavlovkaya(indiki Sabirabad) səfər edir. Bu dəfə də Mir Murtuzanın qonağı olur. Qayıtdıqdan sonra mərkəzdə məktəb tikilməsinə göstəriş verir.
Səidə xanım: “Mir Murtuza ağadan sonra həmin evdə qızı Rasimə Möhsünzadə ailəsi ilə yaşayır. Rasimə xanım M.Ə.Sabirin qardaşı oğlu Zeynalabdinin oğlu Tofiq Tahirzadə ilə ailə həyatı qurur. Tofiq Tahirzadə və Rasimə xanım uzun illər M.Ə.Sabir adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyatdan dərs deyirlər. Tofiq həm də yaxşı tar çalırmış. Tofiq 2000-ci ildə, Rasimə xanım isə 2016-cı ildə Allahın rəhmətinə qovuşublar”.
Mir Murtuza ağanın əsrə sinə gərən evi isə yerindədi.
Həyətin bir küncündəki sabun tiyanı da əsrlərə şahidlik edir.
HAŞİYƏ: Heç şübhəsiz Nəriman Nərimanovun Mirzə Ələkbər Sabirin qızı Səkinənin yeznəsi Mir Murtuza ağanın evində qonaq olması, şair haqqında geniş məlumatlar alması ona xoş təsir göstərib. O, 1921-ci il mayın 6-19-da keçirilən Birinci Ümumazərbaycan Sovetlər qurultayında çıxış edərkən görkəmli satirik şairin- Mirzə Ələkbər Sabirin adının əbədiləşdirilməsindən danışır və heykəlinin ucaldılmasını təklif edir. Qurultay nümayəndələri təklifi alqışlarla qarşılayırlar. O vaxtlar Sabirə ilk abidələrdən biri 1922-ci ildə məhz Sabirabadda (o vaxtkı Petropavlovkada) kiçik parkda qoyulur (hazırda həmin heykəl Sabirin adını daşıyan 1 nömrəli şəhər tam orta məktəbinin qarşısındadır). Guman edirik ki, 1931-ci ildə rayona M.Ə.Sabirin adının verilməsində də bu amillərin mühüm rolu olub.
İ. DƏMİRQAYA.