“Son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi”.
Bu sözləri Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə çıxışı zamanı deyib.
“Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var.
Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar.
Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun.
Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”, - deyə dövlət başçısı əlavə edib.