• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Cəmiyyətimizdə qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür

  • 08.03.2022, 01:06, Baxış sayı:
  • 537
Cəmiyyətimizdə qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür

Prezident İlham ƏLİYEV: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır”
.


Azərbaycan qadını hər zaman sədaqətin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilmiş, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermişdir. Azərbaycan cəmiyyətində qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür. Tarixən mövcud olmuş milli adət-ənənələrimizin, eləcə də ana dilimizin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxmasında qadınlarımızın rolu danılmazdır.
8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Tarixə nəzər salsaq, görərik ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. Dünya ölkələrində olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib.
Müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz Azərbaycan qadını atmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl, məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər: "XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq, ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır".
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.
Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.
Bütün bunlarla yanaşı, Azərbaycanda qadın, ilk növbədə, ailə ocağının qoruyucusudur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə Vətən torpağımız işğalçılardan azad olundu. Bu şanlı qələbəmizdə Azərbaycanın qəhrəman oğullarının rolu danılmazdır. Bu oğulları Vətən üçün böyüdən bizim analardır. Vətən darda olanda onlar öz oğullarını məğrurcasına müharibəyə göndərdilər. Buna dözdülər. Şəhid oğullarını qürurla, təmkinlə qarşıladılar. Analar böyükdür. Biz onların qarşısında baş əyirik. Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər.
Prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Bu hər bir vətənpərvər insan kimi, qadınlarımızı da çox sevindirir. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. İnanırıq ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq.
Bayramınız mübarək olsun, ƏZİZ QADINLAR!


“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter