Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmaqla, ölkəmizin qazandığı çoxsaylı uğurlarda xüsusi yer tutur. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıblar. Prezident İlham Əliyevin sözləri ilə desək, “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.
Dünya elm və mədəniyyəti tarixində, inkişafında özünəməxsus yeri, xidmətləri olan xalqımızın parlaq, qürurverici nailiyyətlər qazanmasında qadınlarımızın böyük rolu olub. Zaman-zaman Azərbaycan qadınının cəmiyyətə xidmətləri yalnız ləyaqətli, mərd, istedadlı övladlar yetişdirməklə yekunlaşmayıb. Tarixdən məlumdur ki, Azərbaycan qadını yeri gələndə silaha sarılıb düşmənə ağır zərbələr endirib, dövlətin idarəçiliyində iştirak edib, elm xadimi olub, müxtəlif sənət sahələrində uğur qazanıb.
Tarixin müxtəlif dönəmlərində örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Hazırda müstəqil Azərbaycan dövləti iqtisadi, mədəni tərəqqisi ilə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Əldə olunan nailiyyətlərdə qadınlarımızın rolu tərifəlayiqdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da müasir dövrdə ictimai-siyasi fəaliyyəti, vətəndaş-ziyalı mövqeyi ilə Azərbaycan qadınlarına nümunədir. O, dövlətimizin tərəqqisi naminə müasir Azərbaycan qadın hərəkatının lideri kimi geniş fəaliyyət göstərir. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik xüsusilə nəzərə çarpır.
Bu gün hər bir millətin, dövlətin öz varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni-kütləvi, ictimai, sosial layihələr həyata keçirmək qloballaşma şəraitinin tələblərindən biridir. Təbii ki, Azərbaycan da öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Bu proses böyük əzmkarlıq, səbir və iradə tələb edir. Mehriban xanım Əliyeva Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üçün davamlı iş aparır, səy göstərir. ISESCO-nun və UNESKO-nun xoşməramlı səfiri kimi, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edən, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün çalışan Mehriban Əliyevanın səsi yüksək beynəlxalq kürsülərdən gəlir.
Zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz və hörmət qazanan Mehriban xanım həm vətəndaş, həm şəxsiyyət kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. Müasir tariximizə, müstəqil dövlət qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək istəyindən yaranan fondun fəaliyyəti ölkə və dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirilən böyük layihələr bunun bariz nümunəsidir. İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, məktəbəqədər yaşlı və valideyn himayəsindən məhrum olan uşaqların sosial şəraitinin yaxşılaşdırılması, ekoloji mühitin təmiz saxlanılması fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır.
Respublikanın Birinci vitse-prezidentinin bütün çıxışlarının əsasını Azərbaycan, azərbaycançılıq məfkurəsi təşkil edir. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edərək dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəyə öz bəhrəsini verməkdədir. Bu illər ərzində Mehriban xanımın rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə həyata keçirilən xeyriyyə layihələri Vətən müharibəsi zamanı bizə bir çox dövlətin dost münasibət göstərməsinə səbəb olmuşdur. Eyni zamanda Heydər Əliyev Fondu, onun prezidenti, Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğində böyük rolu var.
Ötən il bütün dünyada, eləcə də Azərbaycanda COVID-19 pandemiyası bəşəriyyəti yeni çağırışlar qarşısında qoydu. Bununla yanaşı, Azərbaycan 44 günlük Vətən müharibəsi apararaq xalqımızn 30 illik Qarabağ həsrətini sona çatdırdı. Mehriban Əliyevanın koronavirus pandemiyası ilə bağlı xalqa müraciəti, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Eləcə də onun ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza etdiyi müraciət bir daha göstərdi ki, biz bir-birimiz üçün məsuliyyət daşıyırıq. Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşımında xalqımızı, dünya azərbaycanlılarını təbrik edərək, bildirdi ki, “Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq”.
Hazırda dövlət başçısının qarşıya qoyduğu əsas vəzifə Qarabağ torpaqlarının dirçəldilməsidir. Fərəhli haldır ki, xalqımız bu məsələdə də Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasını görməkdədir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını qürur hissi ilə bəyan etdi. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı müqəddəs dini məkanlarımız Heydər Əliyev Fondu tərəfindən qısa müddətdə yenidən bərpa ediləcək. Mehriban xanım bir ictimai xadim və dövlət məmuru kimi daim həlak olanların ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir. Kimsəsizlərin, ahılların, xüsusi həssas əhali qruplarından olan hər kəsin güvənc yeridir Mehriban xanım. İnsanlar ona inanır, hər hansı problemləri ilə bağlı ünvanına ürəklə, ümidlə üz tuturlar.
Milli-tarixi köklərimizə, bəşəri keyfiyyətlərə daim sadiq qalan respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənimizin və xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca səbəb isə onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Biz bu yolda ona uzun ömür, can sağlığı və böyük uğurlar arzulayırıq.
İ. ƏSGƏROV,
“Muğanın səsi”