Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Azərbaycanın minillikləri əhatə edən zəngin siyasət və mədəniyyət tarixində öz fəaliyyətləri ilə yadda qalan görkəmli qadın şəxsiyyətlər sırasında Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi yeri var. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi, inkişafı, dünya dövlətləri sırasında layiqli yer tutması, beynəlxalq aləmdə nüfuz qazanması üçün mübarizədə Prezident İlham Əliyevin ən yaxın silahdaşı məhz ölkənin birinci xanımı Mehriban Əliyeva olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın müstəqilliyinin bərqərar edildiyi, dövlətçiliyimizin təşkilatlandığı ilk illərdən başlayaraq Mehriban xanım Əliyeva ölkəmizin ictimai-humanitar həyatında geniş fəaliyyət göstərmişdir. O, hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradıb və ona rəhbərlik etmişdir. Bu fond Azərbaycanın mədəniyyətinin, incəsənətinin inkişafında və təbliğində mühüm işlər görmüş, respublikamızda və xarici ölkələrdə bununla bağlı çoxsaylı tədbirlər keçirmişdir. Azərbaycan qadınları dövlətçilik tariximizin müxtəlif dövrlərində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında mühüm xidmətlər göstərmişlər. Əlbəttə, bu baxımdan öz istedadı, zəkası, iradəsi və müdrikliyi ilə nüfuz qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bir örnək olaraq göstərilə bilər. O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir.
Mehriban xanım Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş layihələr, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımının əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq.
Xeyriyyəçilik bizim maarifpərvər, vətənsevər ziyalılarımızın əsas fəaliyyət prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik haqqında ən qiymətli məqamları elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır, etibarlı, dayaq, dogma, insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün mənzillər təqdim edilmişdir.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində hər zaman Azərbaycan xalqının yanında olan Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir – humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.
Güllü Nəsirova,
Sabirabad Rayon Mərkəzi
Xəstəxanasında həkim-pediatr