Azərbaycan qadını ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib
- 07.03.2022, 15:24, Baxış sayı:
- 326
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib. Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.
Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib. Keçmişdə olduğu kimi müstəqillik illərində, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində də düşmənə qarşı savaşan Azərbaycan qadınları sırasında şəhidlərimiz də var. Tibb işçisi, jurnalist, hərbçi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunması naminə canlarından belə keçiblər. Eyni zamanda, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər qadınların dövlətin idarəolunması prosesində iştirakını dəstəkləyib, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib, hətta lider qadınlar yetişdirib. Sirr deyil ki, bu gün dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru