Hər beş avtomobildən birinin 30-dan çox yaşı var
Ölkədaxili yollarda hələ də istismar müddəti bitmiş avtomobillərə rast gəlinir. Bu avtomobillər daha çox yükdaşıma məqsədi ilə istifadə edilsə də, digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Avtomobilin demək olar ki, çürüməyən detalı yoxdu. Amma bu vəziyyətdə yenə də idarə olunur.
Paytaxtda və ən çox da bölgə yollarında belə avtomobillərə tez-tez rast gəlinir. İstismar müddətini başa vursa da, belə avtomobillər hələ də istifadə edilir.
Ekspertlər son illərdə köhnə avtomobillərdə yaranan texniki nasazlıq səbəbindən baş verən qəzaların sayının artdığını deyirlər. Problemin həlli isə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Mütəxəssizlər deyirlər ki, hazırda Azərbaycanda avtomobil parkı köhnə maşınlarla doludur. Ölkədəki bütün avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Maşınların 20 faizi isə ümumiyyətlə 30 ildən çox xidmət göstərib. Vətəndaşlar yeni avtomobillər almalıdırlar, dövlət isə köhnə texnikanın utilizasiyasının qeydinə qalmalıdır. Bu səbəbdən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və yaxın zamanda işə salınmalıdır.
Hələ məlum deyil ki, sahiblərini yeni maşın almaq məqsədilə köhnə maşınlarını utilizasiya etməyə necə stimullaşdırmaq olacaq.
Ölkə özü avtomobil texnikası istehsal etmir. Xarici markalı (əsasən Çinə aid) avtomobillərin yığılması ilə məşğul olan bir neçə müəssisə mövcuddur, amma onların istehsal gücü çox azdır.
Sual yaranır, bəs bu məsələ digər ölkələrdə necə həll olunur?
Artıq 15 ildir ki, Almaniyada avtomobillərin utilizasiyası haqda qanun qüvvədədir. Bu qanuna əsasən, köhnə maşınların qəbulu məntəqəsi avtomobil sahibinin evindən ən çox 50 kilometr məsafədə yerləşməlidir – “Deutsche Welle” yazıb.
Öz dövrünü sona vurmuş minik avtomobilinin sahibi onu lisenziyalı dəmir qəbulu məntəqəsinə, ya da istehsalçının istənilən avtosalonuna təhvil verə bilər.
Dövlətin özü bu prosesdə heç bir rol oynamır, bütün məsəlləri avtomobil istehsalçıları həll edir. Üstəlik utilizasiya edilən avtomobilin markasından asılı olmayaraq.
Əgər avtomobili ehtiyat hissələrinə ayrılması üçün satmaq mümkündürsə, sahibi 100-150 avro gəlir əldə edə bilər.
Bu istiqamətdə Sovet İttifaqının keçmiş ölkələrindən birinin də təcrübəsinə baxaq.
Rusiyada demək olar ki, 12 ildir köhnə avtomobillərin utilizasiyası proqramı mövcuddur. Dövlət bu proqramda fəal iştirak edir.
Bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.
Məsələn, 2020-ci ildə Rusiya istehsalı olan 120 mindən çox avtomobil satılıb, dövlətin utilizasiya proqramının büdcəsi isə 45 milyard rubl (təxminən 600 milyon ABŞ dolları) civarında təşkil edir.
Hər bir utilizasiya olunmuş minik avtomobilinə görə onun sahibi dövlətdən 50 min rubl (670 ABŞ dolları) alır. Yük maşınına görə kompensasiyanın məbləği 350 min rubla (4670 ABŞ dolları) çatıb.
Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir.
Bir məsələ var ki, bölgələrdə xüsusilə kənd yerlərində Rusiya istehsalı olan köhnə avtomobillər əvəzolunmaz nəqliyyat növüdür. Çünki bu avtomobillərdən bəzən həm yük, həm də minik maşını kimi istifadə olunur. Onların dözümlülük göstəricisi isə digər xarici avtomobillərdən daha üstündür. Belə olduğu təqdirdə də qiymətindən asılı olmayaraq bəzən əksər sakinlər məhz Rusiya istehsalı olan avtomobillərə üstünlük verməli olurlar.
Bu məsələ ilə əlaqədar rayonda “Juqili”lərlə “taksavatlıq” edən sürücülərlərlə söhbət etdik:
İbrahim Məmmədov - sürücü: "Rayonumuzun çöl yollarında xarici maşınlarla getmək qeyri-mümkündür. Yollar dağınıq, daşlıqdır. Xarici maşın daxil olan kimi çox hissələri dağılır".Müşahidələr də göstərir ki, rayonda Rusiya istehsalı olan avtomobillər çoxdur. Onu da nəzərə alaq ki, ağır qəzaların da əksəriyyəti məhz bu avtomobillərdə qeydə alınır. Bu isə onu deməyə əsas verir ki, həqiqətən artıq Rusiya istehsalı olan köhnə avtomobillər beynəlxalq standartlara tam cavab verə bilmir.
Azər Əsgərov - sürücü: "Yeni çıxan avtomobillər yaxşıdır. Allah eləməsin, qəza olan zaman, təhlükəsiz yastıqları var. Ölüm halları çox azdır".
Ancaq bütün bunlarla yanaşı, Rusiya istehsalı avtomobilləri birdən-birə ləğv etmək olmaz. Bu avtomobillərin müəyyən qədər ucuz olması, onların ehtiyat hissələrinin hər yerdə satılması və bu maşınların kifayət qədər ustasının olması avtomobillərə meyli də artırır. Bu baxımdan standartlara cavab verməyən maşınları aradan çıxartmaq üçün mütləq şəkildə həmin sürücüləri nəzərə almaq lazımdır. Çünki bölgələrdə, elə Sabirabadda digər xarici markalı avtomobillər o qədər də üstünlük təşkil etmir.
Sahib Məhərrəmov - sürücü: "Həm tez düzəlir, həm ehtiyat hissələri rahat tapılır, həmdəki ucuzdur. Ustalar da çörəkpulunu buradan aparırlar".
Nəqliyyat eksperti Elməddin Muradlı prosesin dünya təcrübəsinə əsaslanaraq həyata keçirilməsinin daha əlverişli olduğunu qeyd edib:“Dünya təcrübəsindən irəli gələn təkliflərdən biri odur ki, köhnə avtomobili əlindən alınan şəxsə onun əvəzində ödəniş ediləcək. Ödəniş avtomobilin bazar qiymətinə uyğun həyata keçiriləcək. Xaricdə belədir ki, əgər avtomobilin qiyməti baha olursa o zaman dövlət tərəfindən şəxsə yeni avtomobil təqdim edilir.
Düşünürəm ki, həmin proqramı bir qədər təkmilləşdirib, vətəndaşların xaricdən avtomobil alıb gətirərək həmin avtomobilin gömrük rüsumundan azad olunması kimi şərtlər təmin edilə bilər. Proqramın irəli sürülməsində məqsəd odur ki, köhnə avtomobil həm ətraf mühiti çirkləndirir, həm də nəqliyyat qəzası zamanı ölüm riski çoxalır. Dövlətin də marağı insan həyatının qorunmasıdır. Belə hesab edirəm ki, ciddi yanaşma olarsa 2 il ərzində Azərbaycanda köhnə avtomobillərin istifadəsi tamamilə sonlanar”.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”