Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli,
Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.
Dövlətimizin başçısı Xocavənd rayon ictimaiyyəti nümayəndələri ilə görüşdə çıxış edib. Prezident İlham Əliyev bildirib ki, biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır.
Dövlət başçısı qeyd edib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq: “Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.
Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir".
Prezident həmçinin bildirib ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb: “Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdik. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı... Ona görə Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi".
Ermənilərin Hadrut qəsəbəsini də dağıtdıqlarına diqqət çəkən İlham Əliyev bəyan edib ki, Hadrut və Tuğ yenidən qurulacaq və inkişaf edəcək: “Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik.
Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir...
Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək".
Beləliklə, Prezident millətini, Ordusunu misli olmayan qələbəyə daşımağın ardınca indi də azad olunmuş Qarabağı yenidən qurur. Bu qədər böyük miqyaslı iş əlbəttə ki, çətindir, ağırdır, uzun vədəlidir. Amma Prezident İlham Əliyev israrlıdır bu yolda. İsrarlı olması, bu işə sevgi və inamla başlaması bu böyük prosesi uğurla başa çatdıracağına əminlik yaradır.
Prezident İlham Əliyevin qətiyyətli bir rəhbər olduğunu həm ölkə daxilində və həm də onun hüdudlarından kənarda demək olar bilməyən yoxdur. İstənilən məsələnin həllində, problemin çözülməsində uğur o vaxt qazanılır ki, sən baş vurduğun işin reallığına inanasan. İlham Əliyev öz qətiyyətini 44 günlük müharibədən hələ xeyli öncə, bölgədə transmilli layihələrin reallaşdırılması zamanı ortaya qoya bilmişdi: “Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu, Şimal-Cənub Ticarət Dəhlizi kimi regional və mürəkkəb layihələr onun bu layihələrin reallaşdırılmasına yüksək inamının nəticəsində mümkün oldu. Bu sırada ən mürəkkəb layihə Cənub Qaz Dəhlizi layihəsi idi. Onun çəkilməsi nəinki texniki və təşkilatı baxımdan yetərincə mürəkkəb idi. Bu layihəni reallaşdırmaq bir də ona görə çətin idi ki, onun reallaşdırılmasına qarşı ortada ciddi siyasi basqılar mövcud idi. Lakin Prezidentin qətiyyəti və gördüyü işə inamı uğurla nəticələndi. Bu gün bütün bu layihələr işləyir.
İkinci Qarabağ müharibəsində də onun qələbəyə inamı həlledici oldu. Ortaya iradə və qəti mövqe qoyuldu. Bu, sadəcə, bir addım deyildi. Prezidentin rəhbərliyi altında bu müharibəyə uzun müddət ərzində ciddi hazırlıq aparılmışdı. Ali Baş Komandan kimi o müharibəyə hazırlıq işlərini uğurla başa çatdırmaqla, qələbənin əsasını qoya bildi və qalib gəldi.
Prezidentimizin bütün bu işləri uğurla aparacağına inanırıq.
Əli HÜSEYN,
“Muğanın səsi”