Şuşaya zəfər yolu Hadrut əməliyyatından başladı
- 14.10.2021, 09:25, Baxış sayı:
- 342
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabr ayının 9-da Hadrutun erməni işğalından azad edilməsinin 1 ili tamam oldu. Dünya hərb tarixinə düşəcək Hadrut əməliyyatı 44 günlük Vətən savaşının taleyini müəyyən etdi. Əlamətdar ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Ordusunun Hadrut əməliyyatı, onun Vətən Müharibəsinin gedişindəki rolu və əhəmiyyətindən geniş danışılıb.
Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlmişdi. Məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Oktyabrın 9-da Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.
Prezident İlham Əliyev qazandığımız Qələbəni belə qiymətləndirib: “Bütövlükdə müharibədəki Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.
Dövlət başçısı bir daha bəyan edib ki, bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, bu yerlərə həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.
Aytəkin Əliyeva,
Sabirabad rayon Uşaq musiqi
məktəbinin şöbə müdiri