• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"Əkinçi"nin 149-cu ildönümü: Milli Mətbuatımızın və maarifçilik ənənələrimizin təməl daşı

  • 21.07.2024, 11:20, Baxış sayı:
  • 90
"Əkinçi"nin 149-cu ildönümü: Milli Mətbuatımızın və maarifçilik ənənələrimizin təməl daşı

Bu gün əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan Milli Mətbuatımızın yaranmasından 149 il ötür.
XIX əsrin sonlarına yaxın Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində onunla yanaşı Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük xidmətləri olub.
Cəmi 56 sayı işıq üzü görən “Əkinci” qəzeti Azərbaycan milli mətbuatının formalaşmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürən qəzet qısa zaman kəsiyində həm ziyalı, həm də sadə insanlar arasında çox məşhurlaşır.
“Əkinçi”nin redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, “Əkinçi” real həyatdan bəhs edən əsərlər uğrunda qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin inkişafına faydalı təsir göstərirdi. H.Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış ziyalıdır.
Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başlayır. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirilir. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunur. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçirlər. Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirirlər. “Müsəlman şagirdlərinə yardım cəmiyyəti” təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmayır. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı, Həsən bəy öz mənzilində pansionat açır, hər il 10 azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu, Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir: “O, 1 dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı. Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O, ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.
“Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.
Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
Azərbaycan öz müstəqilliyini təkrar bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, milli mətbuatımizin inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter