Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
148 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 148 ildə böyük inkişaf yolu keçib. 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı və cəmiyyətə dilin verilməsini mütləq sayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi. “Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi. Ziyalıların bu addımları cəmiyyətin aparıcı simalarını, o zamanın iş adamlarını da vahid platforma ətrafında birləşdirirdi. Bakının azərbaycanlı milyonçuları millətin oxuya biləcəyi, maariflənəcəyi mətbu orqanların nəşrinə maddi dəstək göstərirdi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi köməyi ilə Bakıda rus dilində “Kaspi” qəzeti dərc olunurdu. Ölkədə dini xurafatın qarşısını almaq, insanların gözünü açmaq üçün ən böyük addım C. Məmmədquluzadənin redaktorluğu ilə bütün müsəlman dünyasında məşhur olan “Molla Nəsrəddin” jurnalının nəşri idi. Məhz “Molla Nəsrəddin” o dövrün ən populyar nəşri sayılırdı. Xalqın gözünün bağlı qalmasını, min bir fəndlə insanları aldatmaq istəyənlər jurnalın nəşrinə mane olmaq istəyirdi. Amma artıq vüsət almış prosesi dayandırmaq qeyri-mümkün idi. 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. O dövrün görkəmli ziyalılarından Şəfi bəy Rüstəmbəylinin, Cəmo bəy Hacinskinin, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin, Cəfər Cabbarlının mətbuatın inkişafında göstərdikləri xidmət həddindən artıq böyük idi. Həmin illərdə ilk dövlət qəzetimiz işıq üzü gördü, ardından isə digər müstəqil mətbu orqanlar nəşrə başladı. Demokratik Cümhuriyyət dövründə Azərbaycan mətbuatı sözün əsl mənasında demokratik meyarlarla inkişaf edirdi. Avropanın, Qərbin hələ demokratiya haqqında mülahizələri mövcud olanda, Azərbaycanda bütün sahələrdə, o cümlədən, mətbuat sahəsində demokratik prinsiplər tətbiq olunurdu.
Təəssüf ki, Demokratik Cümhuriyyətin ömrü qısa oldu və ölkədə qurulan Sovet rejimi bütün sahələrdə olduğu kimi milli mətbuatın da boğulmasına gətirib çıxardı.
1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına start verdi və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.
Sonrakı dövrlərdə isə artıq sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi.
1969-cu ilin 14 iyulunda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu Öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Ulu Öndər 1969-cu ildə ana dilimizin və milli mətbuatımızın əsl xilaskarı oldu. Eyni zamanda, totalitar Sovet rejiminin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından bu sahədə müəyyən yol qət edildi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə demək olar ki, bütün qaranlıqlara işıq saçdı.
Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik illərindən sonrakı dövrü bir neçə istiqamətə görə qruplaşdırmaq mümkündür.
Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.
Ötən əsrin 70-80-cı illərində – Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu Öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində Ulu Öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.
1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmək sanki dəbə minmişdi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir prülarizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan reket jurnalistikası da məhz o günlərdən bizə qalan yadigardır. Özbaşınalığa, tamahkarlığa, qanunu pozmağa öyrənmiş bu insanlar hətta mətbuata da ləkə vurmaqdan çəkinmədi və Azərbaycan ziyalısının adına qara yaxmağa başladı.
Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, dəhşətlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı.
Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Doğrudur, Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı, amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu düz bir əsr boyunca meydana gəlmədi. Bunun səbəbləri isə hər kəsə bəllidir. Lakin sevindirici hal ondan ibarətdir ki, keçmiş SSRİ rəhbərliyinin, erməni daşnaklarının Azərbaycan xalqının düşünən beynini - ziyalılarını, alimlərini, yazıçılarını, mədəniyyət nümayəndələrini məhv etməsi prosesinin qarşısını alan Ümummilli Lider Heydər Əliyev, eyni zamanda, cəmiyyətimizin güzgüsü olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
1993-cü ilin iyunundan sonra xalqımızın milli dəyəri olan mətbuatımızın tarixində yeni, işıqlı bir səhifə açıldı.. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Ulu Öndərimiz deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Beləliklə, Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, Məhz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynadı...
Xüsusilə, 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Nəzərinizə çatdırım ki, bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli Liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Ulu Öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Bundan başqa, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli Liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu Öndər Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğu nəticəsində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal informasiya məkanına daxil olub.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir. Artıq bu sahədə bir sıra istiqamətlərdə əməli işlərə başlanılıb.
Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Bu günlərdə Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda, 49 ölkədən 150 nəfər xarici qonağın, 60 nəfər yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə üçgünlük Şuşa Qlobal Media Forumu yüksək səviyyədə keçirildi və uğurla başa çatdı. Dünyanın aparıcı media qurumlarının, jurnalist təşkilatları rəhbərlərinin, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin toplaşdıqları belə bir forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi isə ayrıca dərin rəmzi məna kəsb edirdi. Forumun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi dərin məzmunlu fikirlərin böyük maraqla qarşılanması, eləcə də tədbir iştirakçılarının dünyada baş verən ən müxtəlif proseslərlə bağlı ünvanladıqları suallar dövlətimizin başçısının dünya səviyyəli bir lider və siyasətçi kimi həmişə xüsusi diqqət mərkəzində olduğundan xəbər verdi.
Cənab Prezidentin medianın gələcəyi, azad, müstəqil media ilə bağlı səsləndirdiyi fikirlər, o cümlədən, Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu, mediamızda sağlamlaşma prosesinin uğurla getdiyini və bu səbəbdən də xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazıların artıq çox nadir hallarda üzə çıxdığını xüsusi vurğulaması olduqca əhəmiyyətli məqamlar idi. "Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır", - deyən Prezident İlham Əliyevin sosial medianı izlədiyini, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrəndiyini, həm sosial medianın, həm də ənənəvi KİV-in ona yardımçı olduğunu dilə gətirməsi də böyük məmnunluqla qarşılandı.
Bəli, qürurla deyə bilərik ki, Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.
Pakizə MƏMMƏDOVA, Əməkdar jurnalist