İkinci Qarabağ Müharibəsindəki tarixi Zəfərimiz bir daha sübut etdi ki, Azərbaycan nəin ki, regionda hətta MDB məkanında ən güclü orduya malikdir. Məhz bu gücün nəticəsidir ki, qısa müddətdə, cəmi 44 günlük Müharibədə işğal altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Azərbaycan Ordusu postmüharibə dövründə daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xankəndidəki xunta rəhbərləri ağ bayraq qaldıraraq təslim oldular. Bu dəfə də ordumuz öz döyüş qabiliyyətini dünyaya nümayiş etdirərək 23 saat 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan azad etdi.
Bəli, bu, bir həqiqətdir ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.
Bu gün bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizdə xidmət edir. Eyni zamanda, həmin ərazilərdə ərazilərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınır. Ali Baş Komandanımızın tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin kabusuna çevrilib.
Bu gün ordumuz öz bayramını- 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü uğurlu fəaliyyətinə, hər zaman artan gücünə və nümunə göstəriləcək nizam-intizamına araxalanaraq qürurla qarşılayır. Çünki Azərbaycan Ordusu qalib və müzəffər ordudur.
Xalid Əflatunov,
Dövlət qaçqınkomun Sabirabad rayonu üzrə sektor müdiri