Məlum olduğu kimi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək ölkəmizdə ordu quruculuğu ilə bağlı həyata keçirilən səmərəli islahatlar və uğurlu nəticələr, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər haqqında ətraflı danışıb.
Ali Baş Komandan bildirib ki, 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan Ordusu Türkiyə ordusu praktikində daha da təkmilləşdirilir. Biz artıq bu istiqamətdə atılmış real addımları görürük. Komando hərbi hissələri ordumuzun daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edəcək. Xüsusilə də Kəlbəcərdə belə hərbi hissənin açılması həm düşmənə, həm də onların havadarlarına bir mesajdır. Belə bir coğrafi yerdə komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonrakı dönəmlərdə də silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşdiriləcək.
Komando hərbi birləşmələrinin əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Komando hərbi hissəsində xidmət etmək üçün hərbçilər əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşütlə atlamaq, dağ xizəkçiliyi, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur. Hansı ki, bu bölmələr sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar üçün hazırlanır. Azərbaycan Ordusunda bu bölmələrin təşkili icra olunacaq əməliyyatlarda olduqca önəmlidir.
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi kimi amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni doğma torpaqlarımızdan qovdu, diz çökdürdü. Yağı düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Ali Baş Komandan İlham Əliyev təntənəli mərasimdə həmçinin qeyd edib ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.
Dövlətimizin başçısı bu fikirləri ilə bir daha erməni ictimaiyyətinə çatdırdı ki, revanşizm hissi ilə yaşamaq Ermənistana heç bir fayda verməyəcək. Hazırda yaranmış yeni siyasi və coğrafi reallıqları heç bir qüvvə dəyişə bilməz. Ermənistan hakimiyyəti biabırçı məğlubiyyətlərindən nəticə çıxarmalı, yeni reallıqlara uyğun addımlar atmalıdır.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru