Erkən nikahlar ailə dəyərlərimizə xələl gətirir
- 15.06.2024, 13:48, Baxış sayı:
- 618
Facebook
Вконтакте
Одноклассники
Google+
Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarıxli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nigaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadın üçün nigah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin “Uşaq Hüquqları Konvensiyası”na da uyğundur.
Hazırda dünyanı narahat edən aktual problemlərdən biri erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır.
Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur Bu yaş uşaqların müdafiəsi baxımından yuxarıda qeyd olunduğu kimi, 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.
Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur.
Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.
Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən çətinlik qarşısında qaldığı dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir və bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.
Erkən evlilik şəxsin seçim haqqının əlindən alınması və nəticədə onlarda müəyyən travmalara səbəb olmasıdır. Bu insanlar erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətlərlə vaxtsız yüklənildiyindən təhsildən uzaqlaşırlar.
Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar və belələrində daha çox intihara meyillilki müşahidə olunur. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan evlənəcək şəxslərin əksəriyyəti bir-birlərini görmür, ailə planlaşdırılmasını dərk etmir və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır.
Dünyada və ölkəmizdə tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də erkən nikah probleminin aradan qaldırılması üçün ailələr, ictimaiyyət mübarizə aparmalıdır.
Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, ailə təməlinin məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bu gun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır.
Elnur AĞAYEV,
Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi
