Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi
- 15.06.2024, 10:00, Baxış sayı:
- 876
Facebook
Вконтакте
Одноклассники
Google+
“Tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günü ərəfəsindəyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü elan edilməsi ilə bağlı qərar qəbu etdi. Milli Qurtuluş Günü bugünkü reallıqlarımızın başlanğıc tarixi oldu. Belə ki, Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı, beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri dövlətçiliyimizi xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq, müstəqilliyini itirmək təhlükəsindən qurtarması oldu. Müstəqilliyimizin bərpasının ilk illərinin reallıqaları daim geniş təhlil edilir, onların fonunda hər bir ölkənin həyatında Lider amilinin rolu özünü aydın şəkildə nümayiş etdirir. Həmin dövrdə ölkəyə rəhbərlik edənləri dövlət maraqları deyil, öz şəxsi ambisiyaları düşündürdüyü üçün Azərbaycan həyatının ən çətin günlərini yaşadı. Sabaha ümidini itirən xalq müstəqil Azərbaycanın xilası üçün ayağa qalxdı, Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı, Azərbaycanın bugününün və gələcəyinin möhkəm təməlini yaratdı. Bu fikir daim xüsusi vurğulanır ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz Lider kimi təsdiq etmişdir.”
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı: “Ümummilli Lider sabitliyi hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkərək Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.”
Fikrət Rəsulov,
Sabirabad rayon Baytarlıq idarəsinin rəisi