Son illərdə türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyinin şahidi oluruq. Təmasların mütəmadi xarakter almasında isə Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır. İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir və qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür. Bütün bunların nəticəsidir ki, son illərdə türk dövlətləri arasında əlaqələr hər sahədə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər, ideyalar Türk dünyasının təkcə bu günü deyil, gələcəyi üçün də əhəmiyyətlidir. Ölkə başçısının da bildirdiyi kimi əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir.
Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr türk dünyasının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Ölkə başçısı İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirərək demişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Prezidentin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.
Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar isə qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən məktəb və incəsənət mərkəzləri, birliyimizin güclü təzahürlərindən biridir.
Bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər. İmzalanan sənədlər, əldə olunan razılaşmalar bunu bir daha sübut edir.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri