İyunun 6-da Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə həm bölgəmizin əmin-amanlığı üçün, həm türk dilli dövlətlərin birliyi üçün önəmli mesajlar verib. Ölkəmizin başçısı bildirib ki, türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Xüsusilə Azərbaycan dövlətinin xarici siyasətində Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimizin genişlənməsi prioritet istiqamət kimi müəyyən olunub: «Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.»
Qeyd edək ki, gələn ay Şuşada məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Təbii ki, bu tədbirin Şuşada keçirlməsinin həm də böyük rəmzi mənası var. Bu barədə ölkəmizin başçısı fikrini belə ifadə etdi: «Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.»
Bu gün işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük quruculuq işləri gedir. Artıq həmin rayonlara minlərlə keçmiş məcburi köçkün qayıdıb. Yəni Böyük Qayıdış proqramı uğurla icra edilir. Lakin bu hələ başlanğıcdır. Daha nəhəng işlər qarşıdadır. Xüsüsilə işğaldan azad olunmuş ərazilərdə mükəmməl infrastruktur yaradılır. Ölkəmizin başçısı görüşdə bu barədə bildirdi ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər : «İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.»
Təbii ki, böyük Türk Birliyinə istiqamətlənən böyük işləri həm də böyük siyasi liderlər tamamlaya bilər. Ona görə də Prezident İlham Əliyevin bu məsələyə önəm verməsi təkcə Azərbaycanın deyil, həm də bütövlükdə türkdilli dövlətlərin milli təhlükəsizliyinə verilən töhfədir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri