Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsidir.
Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu zirvə toplantısı həm əvvəlki dövrdə atılan addımları dəyərləndirmək, həm də bu addımlara əsasən gələcək prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Ötən 10 ilə nəzər yetirdikdə vacib işlərin həyata keçirildiyini demək mümkündür. Birincisi, Türk dünyasının dərin inteqrasiyası həyata keçirilir. İkincisi, Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrilib.
Türk dövlətlərinin siyasi, iqtisadi və hərbi də daxil olmaqla bütün sferalarda əməkdaşlığı dərinləşdirilib. Xüsusilə Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə mövcud olan qardaşlıq münasibətlərinə digər türk dövlətlərinin də qoşulması ən vacib uğurlardan biridir. Əgər əvvəllər Mərkəzi Asiya coğrafiyasındakı türk dövlətləri bu prosesdə müəyyən qədər geridə qalırdılarsa, bu gün mənzərə tamamilə dəyişib. Həm ikitərəfli əlaqələr, həm də TDT çətiri altında əməkdaşlıq güclənib. Mərkəzi Asiyadakı türk dövlətləri öz aralarındakı problemlərin də artıq həllinə nail olurlar. Misal üçün, Özbəkistanla Qırğızıstanın sərhədin delimitasiyası məsələsində razılaşması belə nümunələrdən biridir. Problemlərin həllinin danışıqlar yolu ilə tapılmasında TDT çərçivəsindəki əməkdaşlıq böyük rol oynayıb. Bununla yanaşı, Türkiyənin Azərbaycanla hərbi müstəvidə əməkdaşlıq təcrübəsini digər türk dövlətləri ilə münasibətlərdə də tətbiq etməsi ən vacib məqamlardan biridir.
Sammitdə oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün əlverişli imkanlar yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”. Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Artıq türk dövlətləri beynəlxalq siyasətdə də ortaq mövqe sərgiləyirlər. TDT bu kontekstdə əhəmiyyətli strukturdur. Türk dünyası təşkilatın çətiri altında birləşir, eyni zamanda, qurumun beynəlxalq təşkilata çevrilməsi istiqamətində addımlar atılır. Bu, xüsusilə dəyişən geosiyasi münasibətlərdə vacibdir.
Dünyada yeni qurulan siyasi nizamda türk coğrafiyası TDT çətiri altında yeni güc mərkəzlərindən birinə çevriləcək. Azərbaycan və Türkiyənin lokomotivliyi ilə həyata keçirilən işlərin əsas hədəfi əvvəldən bu olub. Bu gün artıq nəticələrin əldə edildiyini deyə bilərik. Bu kontekstdə Prezident İlham Əliyevin 10 il öncə türk dövlətlərin zirvə toplantısında bəyan etdiyi “XXI əsr Türk dünyası əsri olmalıdır” sözlərini xatırlamaq lazımdır. Azərbaycan lideri hələ 10 il öncə bugünkü nəticələrin mesajını vermişdi və mövcud mənzərəyə baxdıqda, görürük ki, Türk Dövlətləri Təşkilatı XXI əsrin “Türk dünyası əsri”nə çevrilməsi istiqamətində uğurla irəliləyir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli