• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Belarus əlaqələrinin daha da genişlənməsinə xidmət edən səfər

  • 22.05.2024, 09:00, Baxış sayı:
  • 111
Azərbaycan Belarus əlaqələrinin daha da genişlənməsinə xidmət edən səfər

Böyük tarixə malik Azərbaycan və Belarus arasında münasibətlər Sovetlər İttifaqı dağıldıqdan sonra daha da genişlənib. Belarus Respublikası ilə ölkəmiz arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə qurulub. İki ölkə arasında mövcud olan yüksəksəviyyəli dialoq və əməkdaşlıq əlaqələri son illərdə yüksələn xətlə inkişaf edir. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Bir-birinə qarşılıqlı dəstək verən Azərbaycan və Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. İkitərəfli əlaqələrin formalaşmasında və inkişafında dövlət başçılarının səmimi dostluq münasibətləri böyük rol oynayır.
2001-ci ildə Azərbaycan-Belarus münasibətlərində köklü dönüş baş verib. Belə ki, Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında aparılan danışıqlar nəticəsində bir sıra sazişlər imzalanıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə iki ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyev diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə 2004-cü ilin aprelində Belarus Respublikasında ölkəmizin səfirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Həmçinin 2004-cü ildə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası yaradıldı.
Azərbaycan-Belarus münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatdırılib. 2012-ci ildə Azərbaycan Belarusa təqribən 14 milyon dollar həcmində investisiya yatırıb. 2013-cü ildə, diplomatik münasibətlərin qurulmasının 20-ci ildöünümü ərəfəsində isə iki ölkə arasında neftlə yanaşı, müxtəlif sahələrdə ticarət dövriyyəsinin həcmi 250 milyon ABŞ dollarından çox olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2020-ci ilin sonunda 447 milyon ABŞ dollarına çatmışdır.
Belarus Azərbaycana ağac məmulatları, traktorlar, avtomobil və traktorlar üçün ehtiyat hissələri və aksessuarlar, maşınqayırma, ağac emalı, şin, qida məhsulları, o cümlədən kartof, süd və süd məhsulları, dərman vasitələri, məişət texnikası, qab-qacaq, geyim, kosmetika, mühərriklər, qara metal məmulatları ixrac edir. Belarus isə Azərbaycandan neft məhsulları, karbohidrogenlər, meyvə və tərəvəz şirələri, etilen polimerləri, pambıq lifi idxal edir.
Bu gün qarşılıqlı əməkdaşlıq təkcə sadə əmtəə birjası ilə məhdudlaşmır. Ənənəvi əlaqə formalarını qorumaqla yanaşı, uzunmüddətli rəqabətli iş üsulları da geniş şəkildə tətbiq olunur, istehsalat kooperasiyası uğurla həyata keçirilir. Belarus traktorları, yük, kommunal və kənd təsərrüfatı maşınları, optik alətlər, liftlər Azərbaycanda yığılır. Sənaye kooperasiyasının lideri Gəncə Avtomobil Zavodudur. 2007-ci ildən zavodda 8 minə yaxın “Belarus” markalı traktor və 3,5 min ədəddən çox MAZ avadanlığı istehsal olunub. Sumqayıt Sənaye-Texnoparkı, “Azərkimya” İstehsalat Birliyi, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Aviasiya Akademiyası ilə birgə layihələr həyata keçirilir. Əlverişli coğrafi mövqeyinə görə yüksək tranzit potensialına malik olan Belarus Azərbaycanın təşəbbüsü ilə reallaşan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştiraka böyük maraq göstərir.
İkitərəfli qarşılıqlı fəaliyyətin perspektivli sahələrindən biri də elmi-texniki əməkdaşlıqdır. İki ölkənin elmi ictimaiyyəti arasında uzunmüddətli əlaqələr qurulur və birgə elmi layihələr həyata keçirilir. Belarus Prezidenti A.Lukaşenkonun 2010-cu ildə Azərbaycana səfəri zamanı elm və texnologiya, informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanmışdır. Həmin vaxt Bakı Slavyan Universitetinin bazasında Belarus Dili və Mədəniyyət Mərkəzi açılmışdır.
Qarşılıqlı fəaliyyətin mühüm hissəsini hərbi-sənaye sahəsində əməkdaşlıq təşkil edir. Belarusla Azərbaycan arasında strateji xarakter daşıyan hərbi-texniki əməkdaşlıq iyirmi ildən artıqdır ki, davam edir. Azərbaycan bu gün Belarus silahlarının əsas istehlakçılarından biridir. Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq İkinci Qarabağ müharibəsindən sonra uğurla inkişaf etməkdədir. A.Lukaşenkonun 2021-ci ilin aprelində ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, hərbi-texniki əməkdaşlıq da müzakirə edilmişdir. Belarus və Azərbaycan arasında müdafiə sahəsində 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı təsdiqlənib.
Mayın 10-da Bakıya səfəri zamanı A.Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsindəki qələbə münasibətilə təbrik edərək, bu qələbəni “Azərbaycanın öz milli arzusuna çatmaq yolunda böyük addım” adlandırmış və Prezident İlham Əliyevə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində köməklik göstərməyi təklif edib. Azərbaycan Prezident də öz növbəsində Belarus şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməyə dəvət edib. Yekun olaraq Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində iştirakı, 3D modelləşdirmə xidmətlərinin göstərilməsi və nəqliyyat infrastrukturunun bərpasına cəlb olunması barədə razılıq əldə olunub.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrin daha da genişlənməsinə nümunə Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakıdır. İndi işğaldan azad olunan ərazilərimizdə dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. “Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər” – deyə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirib.
Bu günə kimi Belarus və Azərbaycan arasında siyasət, iqtisadiyyat, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Belorus Prezidentinin Azərbaycana növbəti səfəri zamanı da iki dövlət arasında mühüm əhəmiyyət daşıyan 8 sənədə imza atılıb.
Azərbaycan Belarus Respublikası ilə bütün sahələrdə münasibətləri uğurla davam etdirir. Hər iki dövlət həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı artırmaq niyyətindədir. Bütün bunlar ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Belarus-Azərbaycan münasibətləri qarşılıqlı marağa dostluq və etimada əsaslanır.

Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter