Azərbaycan – Belarus ikitərəfli əlaqələri müasir dövrümüzdə daha da dinamik inkişaf etməyə başlamışdı. Bu münasibətlər möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib desək, fikrimizdə yanılmarıq. Belə ki, dövlətlərarası imzalanan sənədlər, qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər imzalanıb.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Əlbəttə ki, Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: “Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Mərasim zamanı imzalanan mühüm sənədlər dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. “Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq” – deyən Prezident bildirib ki, nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişləndirilir. Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı buna nümunədir. İndi işğaldan azad olunan ərazilərimizdə dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. “Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər” – deyə Belarus Respublikasının Prezidenti bildirib.
Beləliklə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli