• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır

  • 13.03.2024, 12:30, Baxış sayı:
  • 138
Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə də Qərbin bəzi dövlətlərinin ölkəmizə qarşı qərəzli münasibətləri fonunda xarici siyasi kursda korrektələr etməli oldu. Bölgədə yeni reallıqlar yaradan Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verməklə yanaşı, ortaq tarixi keçmişə malik ölkələrlə münasibətlərini daha da gücləndirdi. Türk Dövlətləri Təşkilatına (TDT-yə) üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən ayın 14-də Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən vacib mesajlar verdi. “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - deyən Prezident İlham Əliyevin bu fikri bütün Türk dünyasında coşqu, sevinclə qarşılandı. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, TDT-nin fəaliyyəti 44 günlük Vətən müharibəsindən sonra daha dinamik xarakter aldı. Hazırda Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirməkdən ibarətdir.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstandır. Son il yarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, Qazaxıstan Prezidenti isə bu müddət ərzində üç dəfə ölkəmizdə olub. Bu günə qədər Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu, təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. “Ortaq keçmişdən ortaq gələcəyə” şüarını reallığa çevirən bu cür səfərlər Türk dünyasının gələcəkdə daha böyük siyasi güc kimi meydana çıxmasını şərtləndirir.
Prezident İlham Əliyev ilə qazaxıstanlı həmkarı arasındakı görüşdə qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə, BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə olunub. “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”, - deyə Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada Orta Dəhlizin əhəmiyyətinin artığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir.
Hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi uğurlu əməkdaşlıqdan xəbər verir.
Azərbaycan-Türkiyə strateji münasibətlərində müşahidə olunan qızıl dövrü, elə Azərbaycan-Qazaxıstan münasibətlərinə də şamil etmək olar. Ölkələrimiz arasındakı əlaqələr tarixinin çiçəklənmə dövrünə qədəm qoyub. Hər iki ölkə müstəqil, cəsarətli və milli maraqlara xidmət edən xarici siyasətləri ilə diqqət cəlb edir. Tokayev Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Qazaxıstan Azərbaycanın haqq işinə hər zaman dəstək verib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ermənistanın işğalı nəticəsində dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin qardaşlıq bağlarından xəbər verir. Ərazilərimizin bərpasına verilən bu töhfə ölkəmizin rəhbərliyi və xalqımız tərəfindən də yüksək qiymətləndirilir.

Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter