Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir. Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.
DT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir: «Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu, o deməkdir ki, TDT-nin 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Hesab edirəm ki, bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir.
Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr, Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gətirilməsi və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir. İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə orta xəttin tapılması daha faydalı olur.
Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir. Ölkə başçısı İlham Əliyev son iki ildə Qazaxıstana üç dəfə səfər edib. Zirvə görüşündə qeyd olundu ki, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı təkcə iqtisadi, siyasi və mədəni sahələrlə məhdudlaşdırılmamalı, regionda mövcud olan geosiyasi vəziyyət diqqətə alınaraq hərbi və müdafiə sənayesi kimi sahələrdə də əlaqələr gücləndirilməlidir. Dövlət başçımız qeyd edib ki, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq: "Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri