Regionun ən böyük siyasi təşkilatı, hakim Yeni Azərbaycan Partiyasının VII qurultayından 3 il ötür. Üç il öncə partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən qurultayda qəbul olunmuş qərarlar və müəyyən edilmiş hədəflər qısa zaman ərzində ölkəmizin siyasi mühitində öz müsbət nəticələrini göstərməyə başladı. Bütün bunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 30 il öncə yaradılmış Yeni Azərbaycan Partiyasının gələcək uğurlarının və hədəflərinin ilk göstəriciləridir.
Ötən əsrin 90-cı illərinin əvvələrində böyük bir uçurumun astanasında olan Azərbaycan siyasi hərc-mərliyin mərkəzinə çevrilmişdi. Yarıtmaz hakimiyyətin şəxsi maraqlara yönəlmiş addımları ölkəmizin varlığını böyük bir sual altına qoyurdu. Belə bir zamanda xalqın arzusu və mütləq dəstəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev təkcə Azərbaycanı və xalqını xilas etmədi. O, əsasını qoyduğu Yeni Azərbaycan Partiyası ilə ölkəmizə siyasi peşəkarlığı və mədəniyyəti gətirdi. Bunun nəticəsi idi ki, bütün seçkilərdə YAP ard-arda parlaq qələbələr qazandı.
Təbii ki, Azərbaycan xalqının bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını dəstəkləməsi təkcə siyasi peşəkarlıq və uğurlu başlanğıcdan qaynaqlanmırdı. Burada digər önəmli bir məqam əvvəlcə Ümummilli Liderin 10 illik prezidentliyi dövründə, daha sonra isə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq inkişafında, regionun lider dövləti rolunu daha da gücləndirməsində Yeni Azərbaycan Partiyasının öz siyasi rolunu oynaması idi. Bu rol istər partiya təmsilçilərinin öz fəaliyyətlərində, istərsə də xalq-iqtidar birliyində özünü açıq şəkildə büruzə verirdi.
Dünyada sürətlə baş verən dəyişikliklər, yeniliklər onlara eyni şəkildə cavab verməyi, çevik adaptasiyanı tələb edir. Şübhəsiz ki, Azərbaycan və bütün regionumuz üçün ən böyük dəyişikliklər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun Vətən müharibəsində qazandığı Qələbə ilə bağlıdır. 2020-ci ildə, 44 gündə qazanılmış Qələbə təkcə 30 ilə yaxın davam edən işğala son qoymadı. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona yeni reallıqlar gətirdi. Dövrünün ən böyük liderlərindən olan Prezident İlham Əliyevin bu reallıqları ilk gündən nəzarətdə saxlaması, atdığı addımlar Azərbaycanı sadəcə dəyişikliklərə uyğunlaşdırmadı, bu dəyişiklikləri özü üçün avantaja çevirən qalib ölkə statusuna gətirdi. Həyata keçirilən siyasi-iqtisadi islahatlar, qəbul olunan sosial proqramlar ölkəmizin regional güc mərkəzi obrazını daha da möhkəmləndirdi. Təbiidir ki, bu dəyişikliklər və islahatlar siyasi mühitdə də daha çevik addımların atılmasını tələb edirdi. Bunun nəticəsi idi ki, 3 il öncə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın həyatında, həm də bütövlükdə ölkəmizin siyasi arenası üçün yeni bir başlanğıc oldu. Yeni reallıqların və çağırışların məntiqi ardıcıllığı olan bu başlanğıcın təməli partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qərarlar və dəyişikliklərdə özünü göstərdi. Yenilənmiş struktur və heyət, çevik idarəetmə mexanizmləri, innovativ yanaşma, qəbul olunmuş proqramların milli kimlik, tarixi ənənələrimiz və dövrün çağırışlarının vəhdəti əsasında hazırlanması Yeni Azərbaycan Partiyasının gələcək obrazını əks etdirirdi. Bu dəyişikliklərin praktiki nəticələrinin ən başında, ilk ilində özünü göstərməsini yenilənmənin gətirdiyi uğurların başlanğıcı hesab etmək olar. Əlbəttə ki, xüsusi vurğulanmalı məqam Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini vəzifəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təyin olunmasıdır. Mehriban xanım Əliyevanın öz fəaliyyəti, idarəetmə prinsipləri, ölkəmizdə həyata keçirilən islahatlarda oynadığı əvəzsiz rol və Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə atdığı addımlar Yeni Azərbaycan Partiyasının gələcək uğurlarına olan inamı xüsusi ilə artırır. Yenidən formalaşdırılmış Mərkəzi Aparat, İdarə Heyəti, Veteranlar Şurası və Gənclər Birliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcək uğurları və ölkəmizin daha da güclənməsi yolunda xidmət etməyi hədəfləyir. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun rəhbərliyi altında yenidən formalaşdırılmış mərkəzi struktur isə yenilikçi yanaşması, ümummilli maraqların qorunması və çevik idarəetmə prinsipləri ilə Yeni Azərbaycan Partiyasının ölkəmizdə formalaşdırdığı yeni siyasi mühitin əsas rolunu oynayır.
Sevinc Mikayılova,
Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasının müdiri