Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə reallaşdırması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Bu nümunədə sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var.
Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”.
Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı işbirliyində yeni səhifə açdı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan–Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Qeyd edək ki, Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır. Hesab edirik ki, bu mənada üzərində dayanılmalı olan başlıca məqam İkinci Qarabağ müharibəsidir. Qardaşlığın mühüm sınağı olan bu müharibə hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi idi. Bütün dünya gördü ki, söhbət Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunmasından düşəndə heç kəsə güzəşt yoxdur.
Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında olan toppaqlarının böyük bir hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda olub. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
İki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. Bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Görüşdə bu barədə də geniş müzakirələr aparılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi