Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolundan, regionda və beynəlxalq münasibətlər sistemində artan rolundan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından geniş bəhs etdi. Gününüzün əsas hədəflərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin bərpa edilməsidir. Azərbaycanın nüfuzunun artmasında, yerinin və rolunun möhkəmlənməsində əsas amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab İlham Əliyev müsahibədə müəyyən xarici dairələrin Azərbaycana qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini də açıqladı. Bütün hallarda Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir.
Azərbaycanın müasir tarixinin yeni dövrü başlayıb: “20 sentyabr tarixindən sonrakı dövrü əhatə edən bu yeni mərhələ özündə yeni hədəfləri ehtiva edir. Ölkəmiz hər zaman irəliyə doğru addımlamağı qarşısına əsas hədəf kimi qoyub. Bu gün ölkəmizin tarixi Zəfərimizin reallıqları əsasında dünyaya təqdim etdiyi yeni inkişaf modeli beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir.
Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi: “Qürurvericidir ki, bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar. Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru