• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mirhabil Səmidov: “Torpağa xidmət etmək elə Vətənə xidmət etmək deməkdir”

  • 08.01.2024, 20:12, Baxış sayı:
  • 141
Mirhabil Səmidov: “Torpağa xidmət etmək elə Vətənə xidmət etmək deməkdir”
Bu günlərdə “Şirvan” fermer təsərrüfatının sədri Mirhabil Səmidovla həmsöhbət olduq. O, fermer təsərrüfatının üstünlüklərindən, görülmüş işlərindən danışdı.
Qısa tanıtma: Mirhabil Səmidov 1955-ci il fevralın 18-də Sabirabad rayonunun Surra kəndində anadan olub. 1987-ci ildə Sabirabad Kənd Təsərrüfatı Texnikumunu qurtarıb. O, həmçinin Beynəlxalq Universitetin iqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib.
1975-ci ildə əmək fəaliyyətinə sürücü kimi başlayıb. Sonralar “Komsomol” kolxozinda pambıqçılıq briqadiri, heyvandarlıq kooperasiyasının sədri, kolxoz sədri vəzifələrində işləyib. 1996-cı ildən 2021-ci ilədək RİHB-nin Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub. Səhhəti ilə əlaqədar həmin vəzifədən çıxıb. 30 ildən çoxdur ki, YAP-ın üzvüdür.
Mirhabil Səmidov 7 övlad atasıdır. Övladlarının hamısı ali təhsillidir. Yeganə oğlu polis sistemində çalışır. Qızlarının hamısı müəllimdir.

-Əvvəlcə fermer təsərrüfatınız barədə məlumat verməyinizi xahiş edirik.

-Fermer təsərrüfatımızın 150 hektar əkin sahəsi var. Biz pambıq, taxıl, yonca, bostan, tərəvəz bitkiləri əkib-becəririk. Eyni zamanda heyvandarlıqla da məşğuluq. Təsərrüfatımızda 6 ailə daimi işlə təmin edilib. Bundan başqa, hər il təsərrüfatımızda 30 nəfərədək günəmuzd işçi çalışır.

-Siz əvvəllər kolxoz sədri işləmisiniz. Sizcə, kənd adamları indi daha çox nədə maraqlıdırlar? İndinin kəndlisi ilə kolxoz dövründəki kəndlinin fərqi nədədir?

-Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin aqrar islahatlar, bazar münasibətləri, yeni idarəetmə formalarına keçmək barədə irəli sürdüyü konkret vəzifələr, verdiyi müdrik və uzaqgörən tövsiyələr kəndlinin işini daha yaxşı qurmaq üçün sözün əsl mənasında proqram xarakteri kəsb etmişdir.
İstər Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də hazırkı vaxtda aqrar islahatlar barədə qəbul edilmiş çoxsaylı qanun və qərarlar ölkəmizdə bazar münasibətlərinin formalaşdırılmasını reallaşdırmış, islahatların dönməzliyinə təminat yaratmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramı ölkədə iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Bu gün kəndlinin məşğulluğunun səmərəsini artırmaq, onu əsl sahibkar kimi dirçəltmək üçün kənddə yeni dövlət siyasəti aparılır. Dövlət Proqramı regionlarda bir sıra problemlərin həllinə imkan yaratmışdır.
Bu gün regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün geniş imkanlar açılmışdır. Fərəhli haldır ki, torpaq adamları bunun mahiyyətini dərindən başa düşürlər. Onlar torpaqdan istifadə edərək özlərinə həyat qururlar. Dövrün şəraiti çərçivəsində iqtisadiyyatı da müəyyən dərəcədə inkişaf etdirirlər. İndi heç kəs kəndliyə komanda vermir. Necə bacarırsa, o cür də işləyir. Az da qazansa, əməyinin bəhrəsini yeyir, çox da. Kim istəməz ki, yaxşı işləyib, yaxşı da yaşasın. Fermerçilik belədir ki, bu zaman adamda torpağa sahiblik hissi güclənir. İnsan daha yaxşı işləməyə can atır. İndi bütün zəhmət adamları-torpağa əyilib-qalxan suçuya da, kətmən vurana da, mexanizatora da, başqa işçilərə də “məhsulun əsl sahibi sənsən” psixologiyası aşılanıbdır. Kəndlərimizdə fermerlər arasında böyük rəqabət var. Rəqabət isə bazar iqtisadiyyatının əsas qanunudur. Hər bir fermer cəhd göstərir ki, az məsrəflə daha çox məhsul istehsal etsin. Kəndli bilir ki, torpaq onun yaşayışını, həyatını təmin edir. Odur ki, məhsul istehsalını artırmaq üçün daim səy göstərir.
“Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər sayəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.
Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bostançılıq və tərəvəzçilik də ildən-ilə inkişaf etdirilir.

-Məlumdur ki, taxıl bolluğun açarıdır. Taxıl boldursa, adamların rifahı da yaxşıdır. Təsərrüfatınızda taxılçılıq sahəsində vəziyyət necədir?

-Ölkəmizdə taxılçılığa dovlət dəstəyi göstərilir. Kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dovlət Proqramı hazırlanmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə taxılçılıq ildən-ilə inkişaf etdirilir.
Sabirabadda taxılçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir.
Ata-babalarımız çörəyi müqəddəs nemət adlandırmışlar. Elimizdə, obamızda bir adət var ki, süfrə ətrafında çorək yeyilib qurtardıqdan sonra böyükdən-kiçiyə deyərlər ki, çox şükür, ilahi, verdiyin ruziyə. Odur ki, strateji əhəmiyyəti olan taxılın əkinində də, biçinində də torpağa havayı bir dən düşməsin deyə bütün aqrotexniki tədbirlərə əməl edirik. Nəticədə hər il zəmilərin hər hektarından 35-40 sentner taxıl götürürük.
Ənənəyə sadiq qalaraq ötən ilin payızlıq taxıl əkini bunu deməyə əsas verir ki, kollektivimiz cari ilin bol məhsulunun etibarlı bünövrəsini qoyur.

-Vaxtilə pambıq sizin kolxozun ən aparıcı və gəlirli sahəsi olub. Kəndlilərin çörəyi ondan çıxırdı. Qız köçürən, oğul evləndirən, özünə yurd-yuva quran gözünü pambıqdan gələn gəlirə dikmişdi. Zəhməti, ağrı-acısı çox olsa da, sevinci də az deyildi. Bəs indi vəziyyət necədir?

-Pambıq torpağımızın varı, şöhrətidir. Ta qədim zamanlardan o kəndlinin çörəyi, geyim-keçimi olmuşdur. Bir zamanlar yaxın-uzaq ellərə karvan-karvan xammal aparan tacirlər Azərbaycanın “ağ qızıl”ını hər yerdə tanıtmış, ona ad-san qazandırmışlar.
İllər ötdükcə pambıq sahələri genişlənmiş, onun becərilməsi texnologiyası təkmilləşdirilmş, məhsul istehsalı, məhsuldarlıq qat-qat artmışdır. Ümummilli Lider Heydər Əliyevin məmləkətimizə rəhbərlik etdiyi dönəmdə bu sahədə yüksək zirvələr fəth edilmişdir.
Ötən əsrin 70-ci illərində Sabirabad respublikamızda ən böyük pambıqçılıq rayonlarından hesab olunurdu. O illərdə böyük kənd təsərrüfatı potensialı yaranmışdı. Kəndin infrastrukturu aqrar bölmənin, xüsusən də pambıqçılığın fəaliyyəti nəticəsində inkişaf etmişdi. Kənd təsərrüfatı məhsullarının, xüsusən də pambıqçılığın sürətlə artması kənd əhalisinin həyat şəraitini xeyli yaxşılaşdırmışdı. Ancaq təəssüflər olsun ki, aqrar bölmədə on illərlə yaradılmış iqtisadi potensial sonralar dağıdıldı.
İstər Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də hazırkı vaxtda aqrar islahatlar barədə qəbul edilmiş çoxsaylı qanun və qərarlar ölkəmizdə bazar münasibətlərinin formalaşdırılmasını reallaşdırmış, islahatların dönməzliyinə təminat yaratmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Nəticədə yüksək nailiyyətlər qazanılmışdır.
17 sentyabr 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabadda keçirilmiş respublika müşavirəsində dövlətimizin başçısı giriş nitqində demişdir: “Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Respublikamızda pambıqçılığın inkişafına yönələn dəstək tədbirlərinin miqyası kifayət qədər genişdir. Təkcə son illərdə respublikanın ayrı-ayrı bölgələrində Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan bir neçə ümumrespublika müşavirəsi keçirilib. Bəhs olunan müşavirələrdə bu sahə ilə məşğul olan fermerlərin təklifləri dinlənilib, maddi-texniki bazanın möhkəmləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, daha səmərəli becərmə metodlarının tətbiqi, keyfiyyətli və məhsuldar toxum təchizatı kimi aktual məsələlər müzakirə olunub. Sevindirici haldır ki, bəhs olunan müşavirələrdə qaldırılan məsələlərin əksəriyyəti artıq öz həllini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Pambıqçılığın inkişafı ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafını təmin etmişdir.
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən fermerlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər. Bizim təsərrüfatda da vəziyyət ürəkaçandır. Hər il hektarlardan məhsuldarlığı 35 çentnerə çatdırırıq.

-Söhbətimizin əvvəlində dediniz ki, heyvandarlıqla da məşğulsuz. Yeri gəlmişkən, heyvandarlığın vəziyyəti barədə məlumat verərdiniz.

-Onu deyim ki, heyvandarlıqda damazlıq işinin təşkili də əsas sayılır. Bu sahədə süni mayalandırmanın rolu xüsusilə böyükdür. Son vaxtlar Sabirabad rayonunda damazlıq işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Ötən illər ərzində süni yolla mayalandırılan heyvanlardan 40 min başdan çox bala alınıb. Fərəhli haldır ki, fermerlər hər doğulan balaya görə 100 manat subsidiya alırlar. Heyvandarlıq sahəsində bizdə də göstəricilər yüksəkdir. Südü emal edərək özümüz satırıq.

-Sonda fikirlərinizə daha nələri əlavə etmək istərdiniz?

-Allah Ulu Öndərimiz Heydər Əliyevin ardıcılı olan möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun. Ümid yerimiz yalnız odur. Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır,-dedi və bunu gerçəkləşdirdi, Vətənimizi dardan qurtardı. Allaha çox şükür ki, onun apardığı siyasət sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da qayğı göstərilir, fermerlər bu qayğıdan bəhrələnirlər. Necə deyərlər, fermerlər torpağa xidmət edirlər. Torpağa xidmət etmək elə Vətənə xidmət etmək deməkdir.
-Maraqlı müsahibə üçün sağ olun!
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter