Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib və çox böyük marağa səbəb olan bu müsahibə dekabrın 9-da həmin kanalda yayımlanıb. Ölkə başçısı öz müsahibəsində mühüm əhəmiyyət kəsb edən bir sıra məqamlara toxunub.
Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafından danışankən bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.
Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı planlaşdırılıb.
Müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.
Ölkə başçısı qeyd edib ki, “Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”.
Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru