Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir
- 02.06.2023, 16:20, Baxış sayı:
- 236
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 31-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, 1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi. “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi. Bu saziş ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi.
Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün artıq Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik.
Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda dövlət başçısı qeyd etdi ki, növbəti toplantı gələn il fevral ayında Bakıda keçiriləcək. Artıq yeni iştirakçılarımız, yeni ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca bütün işlər uğurla gedəcək.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi