Beynəlxalq arenada müstəqil siyasət yürütməyi davam edəcəyimiz haqda, Qarabağın məhz Azərbaycanın hissəsi olması və bunun, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edildiyi, eləcə də Azərbaycanın çoxmillətli ölkə olması, bu ölkədə heç bir etnik qrupun dini, etnik zəmnində heç vaxt, heç bir probleminin və narahatçılığının olmaması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər günün reallıqlarını əks etdirməklə bərabər, gələcək vəzifələrə yeni bir baxış, sülhün, əminamanlığın bərpası üçün dünyaya verilən mesajdır.
Ölkəmizin başçısı fəaliyyətinin bütün dövrlərində bəşəri dəyərlərə - demokratiyaya, insan azadlığına, haqqa, ədalətə, ölkələrin suverenliyinə və müstəqilliyinə sadiqliyini nümayiş etdirib, Azərbaycan xalqının xoşbəxtliyi, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda mübarizə aparıbdır.
Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, beynəlxalq əlaqələri daha da möhkəmləndirmək, ölkədə ictimai-siyasi sabitlik yaratmaq, vətəndaş həmrəyliyini təmin etmək başlıca vəzifə kimi qarşıya qoyulub və dövlət rəhbəri verdiyi vədi, əməli fəaliyyəti ilə doğruldubdur. 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfədən, valyuta ehtiyatları isə 37 dəfədən çox artıbdır. Bu illər ərzində ölkəyə 300 milyard dollardan artıq sərmayə cəlb olunubdur, işsizlik 50 faizdən 5.5 faizə enibdir. 3250-dən çox məktəb, 750 tibb müəssisəsi, çoxsaylı idman-olimpiya mərkəzləri, mədəniyyət ocaqları tikilib, təmir edilib, istifadəyə verilibdi. 21 min kilometrdən artıq yol çəkilib, 14 min şəhid ailəsi, müharibədə sağlamlığını itirən şəxslər mənzillərlə təmin olunubdur.
“Euronews” televiziyasına müsahibəsində cənab İlham Əliyev iqtisadi məsələlərə önəm verməklə bərabər, Azərbaycanın beynəlxalq aləmə verdiyi töhfələrdən, Avropanın enerji təhlükəsizliyinə yardımından, alternativ enerji mənbələrinin yaradılmasından, neft hasilatının və ixracının artırılmasından, Cənub Qaz Dəhlizinin başa çatdırılması istiqamətində görülən işlərdən, Azərbaycanın müstəqil daxili və xarici siyasətə malik olmasından, etibarlı tərəfdaş kimi dünya ölkələri tərəfindən qəbul edilməsindən söz açıb və dövlətimizin bundan sonra da müstəqil siyasət yürüdəcəyinə əminliyini bildiribdir. Azərbaycan Prezidenti müxbirin, işğaldan azad olunmuş torpaqlar və Ermənistanla münasibətlərə dair suallarına bu günün reallıqları baxımından cavab verərək bildirib ki, ərazilərimiz düşməndən azad olunub və regionlarda tikinti-bərpa işləri uğurla davam etdirilir, 2026-cı ilin sonuna kimi 140 min insan öz torpaqlarında yerləşdiriləcəkdir. Qeyd olunub ki, biz qalib olsaq da, sülhün tərəfdarıyıq və Ermənistan tərəfə bunu dəfələrlə bildirmişik, ancaq onlardan konkret cavab almamışıq. Dövlətimizin rəhbəri ermənilərin Qarabağdan getməsinə münasibət bildirərək, diqqətə çatdırıb ki, Qarabağda yaşayan erməni ailələrinin hüquqlarını tanıyırıq və onlar geri qayıda bilərlər, ancaq Ermənistandan qovulmuş 300 min soydaşlarımızın da öz doğma yurd-yuvalarına qayıtmaq haqqı vardır və qayıdışlar qarşılıqlı olmalıdır.
Prezidentimizin söylədiyi fikirlər əlbəttə ki, beynəlxalq hüququn normalarına əsaslanır və təkzib oluna bilməz. Bu müsahibə Azərbaycan dövlətinin sülh danışıqlarına, beynəlxalq prinsiplərə, humanist dəyərlərə, münasibətlərin yaxşılaşdırılmasına, dövlətimizin milli maraqlarının qorunmasına sadiqliyini bir daha göstərir və xalqımızı qürurlandırır.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi