Ata-babalarımızın qədim adətlərindən biri bağ salmaq, ağac əkmək oub. Ağac bolluq, mehribanlıq nişanəsi hesab edilib. Məhəmməd Peyğəmbər (s.ə.s) hədislərində buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidanı olarsa və onu əkməyə gücü çatarsa, dərhal həmin fidanı əksin, geriyə saxlamasın. Bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub qulluq edərsə, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsə üçün bir sədəqə olar. Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan daha çox mərhəmət və xeyirxahlıq nümunəsidir - deyilir.
Rayonumuzda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi, mövcud yaşıllıqlara qulluq edilməsi sahəsində xeyli iş görülüb və bu işlər hazırda da davam etdirilir. Bu yaşıllıqlara qulluq edən insanlardan biri də DOST MMC-də çalışan Qurban Qənbərovdur. Səhərdən axşamadək o, ağaclara, yaşıllıqlara qulluq edir, bundan böyük zövq alır. Deyir ki, agaclar, yaşıllıqlar insana həyat ümidi bəxş edir.
Onunla söhbət edərkən Qurban kişi narahat olduğunu da bildirdi. Dedi ki, “narahatlığa səbəb şəhər ərazisində dolaşan iri buynuzlu mal-qaradır. Sahibsiz şəkildə dolaşan mal-qara uşaqları qorxudur, üstəlik dekorativ ağac və kolları yeyərək gözəlliyi məhv edir. Mal-qaranı qovmaqdan yorulmuşam. Sahibini cərimələsələr bir daha heyvanları küçəyə buraxmazlar. Axı şəhər örüş sahəsi deyil”,- Qurban Qənbərov əlavə etdi.
Qurban Qənbərova işində uğurlar arzulayırıq! Ümid edirik ki, əlaqədar qurumlar onun qaldırdığı məsələni nəzarətə götürəcəkdir.
“Muğanın səsi”