Füzulinin azad olunması Zəfər yürüşünə yol açdı
- 18.10.2023, 00:25, Baxış sayı:
- 174
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor oldu. Ermənilər Füzuli istiqamətində bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qursalar da, Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədilər. Ordumuzun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir. Məlumdur ki, Füzuli coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Hadrut, Tuğ kimi strateji önəm kəsb edən digər ərazilərin azad edilməsindən sonra Füzulidə möhkəmlənmək Azərbaycan Ordusu üçün Qubadlı və Zəngilanın azad olunması hədəfinin reallaşdırılmasına imkan verdi. Bu, eyni zamanda, işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələrinin müqavimətinin qırılması və Azərbaycan Ordusunun sürətli irəliləyişi demək idi.
Füzulinin azad olunması həm də Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb oldu, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
Qeyrət Şükürov,
Sabirabad rayon Nizami bələdiyyəsinin sədri