• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın beynəlxalq statusunu artıran layihələr

  • 12.10.2023, 19:53, Baxış sayı:
  • 170
Azərbaycanın beynəlxalq statusunu artıran layihələr
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan Respublikası 1992-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. İqtisadi Əməkdaşlıq Təşkilatının daxilində Azərbaycan respublikası iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edib və üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş, o cümlədən “İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi”, “İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda Tranzit Nəqliyyatı haqqında Saziş”, “İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” imzalamışdır.
Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.
10 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclas iştirakçılarına ünvanladığı məktubunda bildirmişdir ki, “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm.
Siz olduqca əlamətdar və tarixi dövrdə Azərbaycana gəlmisiniz. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”.
Eyni zamanda dövlət başçısı məktubda qeyd etmişdir ki, “Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

Kənan Səmədov,
Sabirabad Gənclər Evinin Tədbirlər və layihələr üzrə mütəxəssisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter