Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir
- 12.10.2023, 19:50, Baxış sayı:
- 186
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
İclasın əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Həmçinin müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. “2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.
Dövlət başçısı ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. “Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”.
Müraciətdə Azərbaycanın etibarlı tranzit ölkəsiolduğu da vurğulanıb: “Bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
Sonda bu iclasın ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacağı, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəyi diqqətə çatdırılmışdır.
Jalə Sadıqova,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi