Pambıq yığımına başlanılmışdır
- 20.09.2023, 19:34, Baxış sayı:
- 240
Facebook
Вконтакте
Одноклассники
Google+
Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir.
Respublikamızda olduğu kimi Sabirabadda da pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malikdir. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratmışdır. Rayonda pambıqçılıq sahəsində subsidiyanın tətbiq olunması, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində görülən tədbirlər yaxşı səmərə verir.
Pambıqçıların aylardan bəri çəkdikləri zəhmət artıq öz bəhrəsini verməyə başlayır. Tarlalar yaşıl libasını tədricən bəyaz dona dəyişir. Hər bir fermer bu gün sübh tezdən oyanıb sahəyə yollanır, yığıma nə vaxt başlayacağını müəyyənləşdirir. Bilir ki, məhsulu maşınla yığılacaq sahələrdə qozaların yalnız 70 faizi açıldıqdan sonra defoliyasiya aparmaq olar. Odur ki, dərmanlama gedəcək sahələr nəzarətdə saxlanılır. 10-14 gün ərzində qozalar demək olar ki, tam açılır və maşınla məhsul yığımına başlanılır. Buna kimi isə hər bir fermer seçmə üsulu ilə pambığı əllə yığıb müqavilə bağladığı təşkilata təhvil verir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, fermerlə bağlanmış müqaviləyə əsasən carı ildə rayonda 12.092 hektar hektar sahədə pambıq əkini aparılmışdır. Sahələrdə barlı kollar hasilə gətirilmişdir. Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas vəzifə pambığı vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır.
Bütün bitkilərdə olduğu kimi, pambıqçılıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu mövsümdə yığımın daha çox texnika ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Artıq Sabirabad rayonunda əllə pambıq yığımına başlanılmışdır. Sentyabrın 16-dək 600 tondan çox məhsul tədarük edilmişdir.
“Muğanın səsi”