Fikrət ƏMRAHOV,
Həşimxanlı bələdiyyəsinin sədri
Ümummilli Lider Heydər Əliyev əməli fəaliyyəti ilə nəinki Azərbaycan, habelə insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratmışdır. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
1969-cu ildə hakimiyyətə gələn dahi liderin Azərbaycanda apardığı siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf başladı.
Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: «Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir».
Onun birbaşa rəhbərliyi ilə Sabirabadda İttifaqda analoqu olmayan Qrup Su Kəmərləri Sistemi qurulmuş, rayonun ucqar kəndlərinə təbii qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Surra kəndi ərazisində Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.
İkinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın qaranlıq səmasında yenidən doğan parlaq günəşə bənzədi. Çünki bu dövrlər çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Ölkəni xaos, durğunluq, daxili çəkişmələr və hərc-mərclik bürümüşdü. Azərbaycanı bu bataqlıqdan çəkib çıxaracaq güclü və etibarlı bir ələ ehtiyac var idi. Məhz belə bir zamanda xalqımızın qeyrətli oğlu həyatını təhlükə qarşısında qoyaraq millətinə xidmət etməyi həyat amalına çevirdi. Ancaq öz millətinə, xalqına sonsuz bir məhəbbəti olan insanlar belə qətiyyətli addım atmağa qadirdirlər.
1993-cü ildən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı.
Xallqımızın dahi oğlu düşmənlə atəşkəs elan etdi, ölkədə əmin-amanlıq yaratdı. Onun təşəbbüsü ilə keçmiş İttifaq respublikaları arasında ilk olaraq aqrar islahatı keçirdi. Sabirabad rayonu da yenidən dirçəliş yoluna qədəm qoydu. İslahat nəticəsində 146935 hektar ərazinin 31543 hektarı Dövlətin mülkiyyətində saxlanılmış, 58868 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş, 55524 hektar ərazi isə xüsusi mülkiyyət hüququnda torpaq payı alan 102583 nəfər, yaxud 23763 ailə arasında bölüşdürülmüşdür. Mövcud içtimai təsərrüfat sistemi ləğv edilmiş, onların istifadəsində olmuş 201 milyard manatlıq əmlak, pay almaq hüququ olan 27 min nəfər şəxsə verilmişdir. Aparılmış əsaslı aqrar islahatlar torpaqdan üz çevirmiş sadə kəndlini torpağa qaytarmış, öz əmlakının və torpağın sahibi etmişdir. Bu proses kəndli-torpaq münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu. Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra dahi liderin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlətin qurulması idi. 1995-ci il müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1998-ci il KİV üzərində senzuranın aradan qaldırılması və ölüm hökmünün ləğvi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi idi. 1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi-iqtisadi sabitlik bərqərar oldu, yenidənqurma işlərinə start verildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası və Qarabağ münaqişəsinin həlli xalqın müdrik oğlunun həyat amalı idi. Heydər Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş azadlıq, elmi-tərəqqi dövrü başlandı. Zaman keçdikcə Azərbaycan dünya ölkələri içərisində özünəməxsus yer tutdu. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar içərisində ordu quruculuğu, sənaye, iqtisadiyyat və bir çox sahələrdə irəliləyişlər əldə olundu.
Ulu Öndər Heydər Əliyev 1998-ci ildə-müstəqillik dövründə növbəti 15-ci dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: «Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib».
Müasir Azərbaycanın hər bir sahədəki uğuru Heydər Əliyev imzası ilə bağlıdır. Ulu Öndərin arzusunda olduğu, lakin ömrü vəfa etmədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qabiliyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Xalqının və dövlətinin gələcəyi naminə böyük işlər görmüş dahi insanı hər zaman qürur hissi ilə xatırlayacağıq. Həyatını doğma xalqına həsr edərək onun böyük inamını qazanan, ləyaqətli şəkildə dövlətinə xidmət göstərən vətən oğlunun milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, mədəniyyətimizin zənginləşdirilərək inkişafında böyük xidmətləri olub. Ulu Öndərimizi dərin hörmət və sayğı ilə ürəklərdə yaşadırıq. Onun yüksək ideyalarını yaşatmaq naminə ölkəmizin tərəqqisi üçün vəzifələrimizi layiqincə yerinə yetirməli, əzmkarlıqla çalışmalıyıq. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.
Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyevə olan sevgisini daha da gücləndirir.
Heydər Əliyev bütün varlığı, sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış öz xalqına sıx bağlılığın milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır.
Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firəvanlığına, əminamanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.