İnsan və cəmiyyət münasibətlərində elə məqamlar vardır ki, onu heç bir başqa məfhumla müqayisə etmək olmaz. Azərbaycan və Türkiyə münasibətləri bütün məfhumların üzərində olan qardaşlıq meyarlarına əsaslanan əlaqələr məcmusudur. Deyərlər ki, qardaş qardaşın ən çətin günündə onun yanında olmalıdır. Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmağı bir əsrdən artıqdır ki, bacarmışlar. 31 mart 1918-ci ildə xalqımıza qarşı soyqırım hadisəsi törədiləndə, Sovetlər birliyi Zəngəzuru, Göyçəni aldığı kimi Naxçıvanı da bizim əlimizdən almaq istəyəndə, daxili və xarici düşmənlər Ulu Öndər Heydər Əliyevlə birgə qədim Naxçıvanı blokadaya salanda Türkiyə bizim yanımızda idi. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkədir, Türkiyə ordumuzu yoxdan var edən, bizə intizamlı ordu yaratmağı öyrədən ölkədir. Türkiyənin varlığı bizim üçün hər zaman güvən hissi yaratmışdır. İkinci Qarabağ müharibəsində savaşın ilk saatlarından Türkiyənin mərd və qorxmaz mövqeyi, siyasi və mənəvi dəstəyi bizə düşmən olan bütün qüvvələrin niyyətlərini ürəklərində qoydu. Dünyanın ən güclü və müasir ordularından birinə sahib olan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməyən hətta dünyanın ən güclü dövlətləri ancaq siyasi əhəmiyyəti olmayan bəyanatlar verməklə kifayətləndilər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağa, Şuşaya səfərə gəlməsi Qarabağda əldə etdiyimiz tarixi zəfərə dünyanın verdiyi qiymətdir. Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ölkəmizlə yanaşı Türkiyənin də beynəlxalq nüfuzuna müsbət təsir etmişdir.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşaya səfəri tarixi əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, Şuşanın türk mədəniyyətinin paytaxtı olması fikri öz təsdiqini tapır. Daha sonra Şuşanın tarixi Azərbaycan şəhəri olması tezisi, orada yüksək çinli xarici dövlət başçılarının və nümayəndələrinin qəbulu ilə sübuta yetirilir.
Həmin gün Şuşada 11 səhifədən ibarət “Müttəfiqlik haqqında Şuşa bəyannaməsinin” imzalanması “Bir millət iki dövlət” mənəvi birliyinin tarixdə ilk dəfə hüquqi zəmində möhkəmləndirilməsi oldu. Tarixi əsaslarla dəstəklənən iki dövlətin münasibətləri bütün sahələrdə özünün qızıl dövrünə qədəm qoymuş oldu. Təhsildən səhiyyəyə, elmdən kənd təsərrüfatına, tikintidən müdafiə sənayesinə qədər hər bir mətləbə toxunulan, onun inkişafını təmin edən “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” tarixdə analoqu olmayan iki dövlət arasında imzalanmış sənəd hesab oluna bilər. Azərbaycan və Türkiyənin münasibətlərinə dərindən nəzər yetirdikdə bu iki dövlətin münasibətlərinin tarixdə və siyasət səhnəsində ikinci bir analoqu olmadığını asanlıqla görə bilərik. “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi” bir daha iki dövlətin nəinki milli maraqlarının, hətta dövlət maraqlarının da üst-üstə düşdüyünü göstərmiş oldu. Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu dəfə də bəyannamənin ilk bəndlərindən etibarən beynəlxalq hüququn normalarına sadiq qaldıqlarını nümayiş etdirdilər.
İki dövlət arasında imzalanan və münasibətlərinin yeni müstəvisini təşkil edəcək sənəd eyni zamanda da Qars müqaviləsinin tarixi davamı hesab oluna bilər. Düz yüz il bundan əvvəl Naxçıvanın SSRİ tərəfindən Ermənistana ilhaq edilməsinin qarşısını alan Türkiyənin imza atdığı Qars müqaviləsinin davamı hesab olunan Şuşa bəyannaməsi özlüyündə həm Qarabağın təhlükəsizliyini, həm də regionda sülh və əmin-amanlığı təmin edəcəkdir. Şuşa bəyannaməsi ilə Cənubi Qafqazda yeni münaqişə ocaqlarının birdəfəlik aradan qaldırılması hesablanmaqdadır. Türkiyə Respublikasının Baş Konsulluğunun ən qısa zamanda Şuşada açılması həm Türkiyənin regionda fiziki varlığını gücləndirəcək, həm də diplomatik və hüquqi təsir vasitələrini artıracaqdır.
Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Ərdoğanın da ifadə etdiyi kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir və olacaqdır da. İndi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər məscidindən Azan səsi gəlir, Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və dövlət başçımızın öz xalqına verdiyi əvəzsiz töhfə!
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru