Sabirabad Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, səhiyyə işçiləri və məsul şəxslər iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçı Siraqəddin Cabbarov çıxışı zamanı bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkədə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar.
Sabirabad rayon səhiyyəsinin məsul şəxsləri məruzələrində Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.