Ətraf-mühitin problemləri gündən-günə daha dərinləşir və insan sağlamlığı və davamlı gələcək üçün təhlükə törədir. Sağlamlığımız ətraf-mühitimizin təmiz və təhlükəsiz olmasından asılıdır. Planetimizin çirklənməsində insan amilinin rolu danılmazdır. Məşhur Hindistan lideri Mahatma Qandi bir dəfə belə demişdi: “Yer planeti hər bir insanın ehtiyaclarını qarşılamağa qadirdir, amma onun tamahkarlığını deyil”. Yer kürəsi əhalisinin artması, tükənən yanacaqlardan istifadə, meşələrin qırılması, plastik zibillənmə, ozon qatının zəifləməsi, biomüxtəlifliyin azalması, nüvə çirklənməsi, səhralaşma, qlobal istiləşmə, iqlim dəyişkənliyi--- bütün bunlar son yüzillikdə qarşıya çıxmış və həllini gözləyən problemlərin qısa siyahısıdır. Ətraf mühitin problemləri qlobal xarakter daşıyaraq hər bir insanın həyatına günü-gündən daha çox təsir göstərməkdədir.
Davamlı gələcək qurmaqdan ötrü hamımız birləşərək bu problemlərin aradan qaldırılmasına yardım etməliyik. Bütün dünyada olduğu kimi, Azərbaycan respublikasında da ətraf-mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsinə böyük diqqət yetirilir. Respublikamızda Avropa qanunvericiliyinin tələblərinə üyğun bir çox normativ sənədlər, dövlət proqramları hazırlanmış və genişmiqyaslı tədbirlər görülməkdədir. Meşələrimizin bərpası, biomüxtəlifliyin qorunması, tullantıların təkrar istehsala cəlb olunması, davamlı enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni yaşıllıq sahələrinin salınması sahəsində görülən işlər günbəgün daha geniş vüsət alır. Bütövlükdə cəmiyyətimizi ayağa qaldıraraq çevrə təmizliyinə nail olmaq həyati əhəmiyyət kəsb edir və gənc nəslin ekoloji tərbiyəsi və dünyagörüşünün formalaşdırılması biz təhsilverənlərin qarşısında mühüm vəzifə kimi canlanır. Düzgün ekoloji maarifləndirmə və təbiətə qarşı şüurlu münasibətin təşəkkülü milli kurikulumumuzun ana xəttini təşkil edir. İngilis dili müəllimi kimi dərslərimdə müasir tədris metodlarından, informasiya-kommunikasiya vasitələrindən, vizual əyani vəsaitlərdən istifadə edirəm və bu sahədə internet şəbəkəsinin verdiyi sonsuz imkanlardan yararlanmağa çalışaraq çoxsaylı təlimlərdə iştirak edirəm.
Təbiətlə canlı təmas zamanı şagirdlər bilik və bacarıqlarını artırmaq üçün lazımi şərait əldə edirlər və planetimizin gələcəyi üçün məsuliyyət hissi formalaşdırırlar. Təbiət zəngin bilik və təcrübə mənbəyi kimi istifadə edilir. Tərəf müqabilim, Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin müəllimi İradə Nuriyeva ilə bu yaxınlarda çevrə təmizliyi aksiyası keçirmək və şagirdlərimizi də bu işə cəlb etmək qərarına gəldik. Bir-neçə dərs ətraf-mühit problemləri və təmiz dünya qurmağın vacibliyi üzərində dayanaraq şagirdlərimizlə geniş müzakirələr apardıq, onlar bu problemlərin həlli üçün nəzəri olaraq həll yolları təklif etdilər. Şagirdlərimizi çevrəmizin hansı tullantılarla çirkləndiyini müəyyən etmək üçün təbiətə çıxardıq. Onları xüsusi əlcəklər, tullantı torbaları, gigiyenik vasitələr və s. ilə təmin etdik. Şagirdlər plastik tullantıları toplayaraq çevrələrini zərərsizləşdirdilər. Hazırladıqları “Ana Təbiəti Qoruyaq” adlı plakatları nümayiş etdirərək ətrafdakı insanlara düzgün ekoloji davranış mesajı göndərdilər. Azyaşlı şagirdlərimiz öyrəndikləri biliklərdən zövq aldılar və həqiqi motivasiya nümayiş etdirdilər. Onlar arasında təbiətin qorunmasının vacibliyi mövzusunda rəsm və inşa müsabiqəsi təşkil etdik və qalibləri mükafatlandırdıq.
İstərdik ki, bu təbiət aksiyasına digər Sabirabad məktəblərini də cəlb edək və sözün əsl mənasında genişmiqyaslı tədbirlərə təkan verərək gözəl nəticələrə nail olaq. Həm rayonumuzun təmizliyinə kömək etmiş olarıq, həm də şagirdlərimizdə düzgün ekoloji tərbiyə formalaşdırarıq.
Ətraf-mühit təhsili vasitəsilə biz dil dərslərimizi digər kurikulum fənləri ilə əlaqələndirə bilərik və inteqrativ yanaşmanın köməyilə şagirdlərimiz onları əhatə edən dünya barədə tam təsəvvür əldə edərək həm linqvistik bacarıqlara, həm də problem həlletmə bacarıqlarına eyni vaxtda yiyələnə bilərlər.
Ellada MİRZAYEVA,
Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi