Gülnar HÜSEYNOVA,
Sabirabad rayonunun Osman Mirzəyev adına Qaratəpə kənd tam orta məktəbinin
direktoru
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümumilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ürəyimizdən xəbər vermişdir.
Ümummilli Lider Heydər Əliyevin bütün ömrü Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi və firavan həyatı uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə, o cümlədən, elm və təhsilə diqqət və qayğı daha da artdı. Bu, təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də Ümumilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu.
"Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev təhsil işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Hər bir sahədə olduğu kimi, təhsildə də əldə edilmiş nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır.
Ümumilli Liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. Ulu Öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də bütün təhsil işçiləri üçün aparıcı istiqamət, əsas ideya mənbəyidir. Ulu Öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. Ümumilli Liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etmək lazımdır ki, bu məsələ Ulu Öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O fənnlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda Ulu Öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulması vəzifəsini qarşıya qoymuşdu. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti Azərbaycanda uğurla davam etdirilir. Xüsusilə son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı mühüm təməl olmuşdur. Əlbəttə, bu inkişafın əsasında dövlətimizin və ölkə rəhbərliyinin təhsilə qayğısı durur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən təhsili özünün daxili siyasətində prioritet, istiqamət kimi müəyyən etmiş və onun inkişafına daim qayğı göstərməkdədir. Məhz buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ümumilli Liderimiz Heydər Əliyevinyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkşaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.
Yazının sonunda onu da bildirim ki, məktəbimizin binası Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, I dərəcəli Əmək ordenli Fatma Hüseynovanın Ulu Öndərdən xahişi əsasında 1981-ci ildə inşa edilmişdir. Üçmərtəbəli, 1176 şagird yerlik məktəbimizin binası bir daha Fatma xanımın xahişi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi əsasında yenidən təmir olunmuşdur. Ulu Öndərin əmanəti olan məktəbimizin binasını göz bəbəyi kimi qoruyacaq, gələcəyimiz olan şagirdlərin müasirləşən cəmiyyətimizdə layiqli yer tutmaları üçün bütün pedaqoji fəaliyyətimizi və idarəetmə bacarığımızı bundan sonra da sərf edəcəyik.