• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır

  • 13.04.2023, 11:39, Baxış sayı:
  • 307
Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır
Tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli Liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsiz rolu olmuşdır. İndi ölkəmizdə fəaliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz mənbəyini məhz Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur.
Ulu Öndər Heydər Əliyev elm və təhsilin himayədarı idi. Azərbaycan təhsilinin inkişafı onun adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider işinin çox olmasına baxmayaraq ötən əsrin 70-ci illərində vaxt tapıb məktəbimizdə son zəng tədbirində iştirak edib.
Ulu Öndərin birinci və ikinci hakimiyyət illərində Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.
Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. Ümumtəhsil, peşə məktəblərinin sayı əvvəlki illərdəkinə nisbətən qat-qat artdı. Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tuturdu. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yeni ali təhsil müəssisəsiləri açıldı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb vardısa, 1982-ci ildə artıq 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikanın hüdudlarından kənarda təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.
Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşır və onların xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolu olub. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.
Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, yeni məktəb binaları tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə ümumtəhsil məktəbləri təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə lisey və gimnaziyalar təşkil edilərək buraya xeyli şagird cəlb olundu.
“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.
“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlər ayrıca bir yazının mövzusudur. Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyanda Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.
İslahatlar təkcə təhsil müəssisələrini əhatə etmir, gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Ulu öndərin miras qoyduğu bu ənənələr bu gün ölkə başçısı cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən müasir tələblərə uyğun dərsliklərin və dərs vəsaitlərinin müasir tipli tədris proqramlarına uyğun hazırlanması, müəllimlərin davamlı olaraq əmək haqqlarının qaldırılması, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə kompensasiyaların verilməsi, xaricdə təhsil dövlət proqramının hazırlanması, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, (2013-cü ildə inşa edilmiş belə təhsil ocaqlarından biri də bizim məktəb binasıdır) uşaq bağçaları, uşaq evlərinin tikilməsi, təmiri və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir.
Sevinc XƏLİLOVA,
M.Ə.Sabir adına Sabirabad şəhər 1 nömrəli tam orta
məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter