Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu öndər Heydər Əliyev qadınlar haqqında söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Bu gün Azərbaycan cəmiyyətində qadınlar ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərirlər. Onlar öz peşə, ictimai fəaliyyətlərindən əlavə, həm də siyasi proseslərin iştirakçılarıdırlar.
Ulu Öndər hər zaman qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Ümummilli Liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Bugünkü cəmiyyət məhz qadınların, anaların tərbiyəsinin məhsuludur və qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar.
Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhidlərimizin anaları, bacıları, həyat yoldaşları və övladları ilə qürur duyuruq! Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Rəna HACIZADƏ, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin
direktoru