• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

  • 16.03.2023, 20:08, Baxış sayı:
  • 292
Ölkəmizdə dövlət qadın siyasətinin əsas  prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider  Heydər Əliyevin adı ilə bağlıdır
Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində dövlət müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin olunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, xalqın rifahının artması müşahidə olunmağa başlamışdır. Ulu Öndərin atdığı addımlar, həyata keçirdiyi siyasət, uzaqgörənliyi onun necə müdrik bir insan olmasından xəbər verirdi. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Ulu Öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. O, ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya yüksək dəyər vermişdir...
Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. Bununla da, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı baş tutmuşdur.
Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə
2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup da yaradılmış və həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdu. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, Ümummilli Lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Ulu Öndər yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya - qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasir dövrün ən qlobal problemlərinə aid edir. Bizim bu konvensiyaya qoşulmağımız Ulu Öndərin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Böyük siyasətçi Heydər Əliyevin fərmanı ilə Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulmuşdur. Konvensiya ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və baxışlarından aslı olmayaraq, kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit etmiş və bununla bərabər Konvensiyanın iştirakçısı olan dövlətlər hüquqi, siyasi və proqram xarakterli tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı-seçkilik hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərlərinə götürmüşlər. Bu öhdəliklər həyatın bütün sferalarını, o cümlədən nikah, ailə münasibətləri, həmçinin, istənilən şəxs, təşkilat və təsisat tərəfindən qadınlara qarşı hər hansı ayrı-seçkiliyi aradan götürən müvafiq tədbirləri əhatə edir. Konvensiyaya uyğun olaraq qadınların sosial rifahının yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində ölkəmizdə mühüm addımlar atılmışdır. 2000-ci ilin fevral ayında “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına Əlavə Protokol qüvvəyə minmişdir. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa “Qadınlara münasibətdə ayrı--seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına Əlavə Protokol qüvvəyə minmişdir. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi üzrə Komitə” yə şikayət etmək hüququ verir.
Ümummilli Lider Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxartmaq mümkün deyil. O, xalqımız qarşısında nümunəyə çevrilib.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Mötərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Ölkəmizdə dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində atılmış tarixi addımlardır.
Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.
Birinci Qarabağ savaşında və şanlı Vətən müharibəsində düşmənlə mübarizədə övladını, həyat yoldaşını, qardaşını şəhid verən qadınlarımızın izzətli, təmkinli duruşu bu gün bütün dünyaya nümunədir. Çünki həmin qadınlar mərdlik və mətanət nümayiş etdirərək yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas  prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider  Heydər Əliyevin adı ilə bağlıdır
Nəsibə BAĞIROVA,
Sabirabad rayonu
Əhmədabad kənd ümumi orta
məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter