Müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğu bir vaxtda Bakıda keçirilən Qlobal Forum olduqca əhəmiyyətlidir. On ildir ardıcıl təşkil olunan forumda aparılan müzakirələr bir çox münaqişələrin həlli yollarının tapılması baxımından vacib qiymətləndirilməlidir. Təcrübə göstərir ki, Bakı platformasının intellektual potensialı da ilbəil artır.
Hər il olduğu kimi, bu il də qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər nəzərdən keçirilir.
Dünyanı sarsıdan münaqişələr, təhdidlər, postpandemiya dövründə görüləcək işlərə dair fikir mübadiləsi aparılır. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşür, populizmin və ekstremizmin mənbəyini araşdırır, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirirlər. Bakıda gələcəyi planlaşdırmaq üçün səsləndirilən ideyalar dünya liderləri üçün də effektiv tövsiyələr ola bilər
Qlobal Forum eyni zamanda Cənubi Qafqaz regionunda postmünaqişə reallıqlarının dünyaya çatdırılması baxımından vacib platformadır: "Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri azad olunmuş ərazilərə səfər ediblər. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Eyni zamanda Prezident İlham Əliyevin forumda verdiyi əsas mesajlardan biri budur ki, hazırda regionda sülh üçün vaxt yetişib.
2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar” deyən dövlət başçımız mövcud vəziyyətin Ermənistan üçün son şans olduğunu bir daha bəyan etdi.
Yəni, reallıq budur ki, hazırda Ermənistan üçün öz qonşuları ilə normal qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan hər hansı digər müharibəni istəmir. Çünki sülhə nail olmaqda maneə yoxdur. Sadəcə, Ermənistan mövcud imkanı düzgün dəyərləndirməlidir. Bir sözlə, Prezident İlham Əliyevin də söylədiyi kimi, Bakı Qlobal Forumu vasitəsilə biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışırıq.
Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi