Qadın-kişi münasibətləri hələ Adəm və Həvva zamanından bəri həyati məsələ olub. Ulu əcdadımız Adəm Həvvanın sayəsində insanlığın əsasını qoymuşdur. Əgər qadın olmasaydı, kişi, o da olmasaydı, artım, bəşər sivilizasiyası da olmazdı. Dahi filosoflardan biri bəşəriyyəti quşa, kişi və qadını isə onun qanadlarına bənzətmişdi. Qanadlardan biri olmasa quş uça bilmədiyi kimi, qadının da cəmiyyət həyatında iştirakı olmasa inkişafdan, bəşər sivilizasiyasından danışmaq mümkün deyildir.
Ailə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Azərbaycan ailələri daim uzunömürlülüyü, ailə dəyərlərinin qorunub saxlanması, fəallığı və özünəməxsus xüsusiyyətləri ilə seçilirlər. Azərbaycan ailələrinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ailə fərdlərinin bir-birilərinə dəstək olmaları, ənənələləri davam etdirmələridir. Hamıya örnək olacaq nümunəvi ailələrimiz çoxdur. Nümunəvi ailələrdən birini sizlərin diqqətinə təqdim edirik.
Sabirabad şəhər sakinləri Kamil Qəniyev və onun həyat yoldaşı Vəsilə xanım 50 ildən çoxdur ki, birgə ömür sürürlər. 1967-ci ildə ailə həyatı quran bu xoşbəxt cütlük Sabirabad rayonunda mehriban, səmimi, işgüzar, nümunəvi ailə kimi tanınırlar. Budur, Qəniyevlər ailəsinin yaşadıqları ünvana üz tuturuq. Ailənin başçısı Kamil Qəniyev bizi mehribanlıqla qarşılayır. Sönra söhbətə başlayır. Öyrənirik ki, Qəniyevlər ailəsinin 1 övladı, 3 nəvəsi vardır. Onlar öz uğurlu ailələrə ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər. Oğlu Seymur Sabirabad şəhər poliklinikasında çalışır. Həyat yoldaşı müəllimdir. Onların üç övladı (2 oğlan, 1 qız) var. İkisi ali məktəbdə oxuyur. Bir oğlu məktəblidir.
Kamil Qəniyev şərəfli ömrünü uzun illər vicdanla Azərbaycanın qaz sənayesinə həsr etmişdir. Sabirabad şəhərinə ilk qaz xəttini də o çəkmişdir. Kamil Qəniyev o günü belə xatırlayır:
-Həmin tarix indiki kimi yadımdadır. 1974-cü il aprelin 14-ü idi. O vaxt rayon təmir-tikinti idarəsində baş iş icraçısı işləyirdim. İdarənin müdiri Bəybəla Quliyev kabinetində bizə tapşırıqlarını verirdi. Elə bu vaxt Sabirabad rayon Partiya Komitəsindən zəng gəldi. Bəybəla Quliyev dedi ki, səni raykoma çağırırlar. Ümumi şöbənin müdiri Həsənağa Səmidov məni birinci katib Məmməd Məmmədovla görüşdürdü. M. Məmmədov məni qəbul edərək dedi ki, rayona qaz çəkiləcəkdir. Bununla əlaqədar məni Bakıya göndərdi. Bakı “Başqaz”ın SMU-1 adlı idarəsi vardı. Məni həmin idarənin sahə rəisi təyin etdilər. Lazımi işçi qüvvəsi, maşın-mexanizm və avadanlıqlarla təmin edildikdən sonra işə başladıq. “On dörd göz” deyilən yer vardı. Oradan rayonun mərkəzinə təxminən 55 kilometrlik məsafə olardı. Həmin yerdən Həzi Aslanov adına kolxozun ərazisinədək (Suqovuşan kəndindəki qaz stansiyasına kimi) “Aztransqaz” idarəsinin kollektivi, Suqovuşan kəndindən rayon mərkəzinədək isə mənim rəhbərlik etdiyim sahənin inşaatçı və quraşdırıcıları işə başladılar. O vaxtlar indiki kimi mexanikləşdirmə yox idi. Əksər işlər əllə görülürdü. Lakin bütün bunlara baxmayaraq, 55 kilometrlik magistral xətdə hər iki kollektivin quraşdırıcı və inşaatçıları çətinliklərə sinə gərərək tapşırığı vaxtından əvvəl yerinə yetirdilər. Nəhayət, 1976-cı il yanvarın 8-də Sabirabad şəhərinin mərkəzinə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirildi. Hava qarlı, şaxtalı, soyuq olsa da mərasimdə iştirak edənlərin sayı çox idi. Tədbirə Bakıdan, ətraf rayonlardan da qonaqlar gəlmişdilər. Qazın gəlişini bildirən rəmzi məşəl indiki DSMF rayon şöbəsi binasının Heydər Əliyev prospektinə tərəf olan hissəsində alovlandırıldı. Sabirabar rayon Partiya Komitəsinin birinci katibi Məmməd Məmmədov, rayon XDS İcraiyyə Komitəsinin sədri Bəşir Məlikov, şəhər Sovetinin sədri Həmzə Nuriyev, Saatlı rayon Partiya Komitəsinin birinci katibi Əlisahib Babayev, Bakıdan və digər yerlərdən təşrif buyurmuş qonaqlar şıxış edərək təbriklərini çatdırdılar. Sonra mərasim iştirakçıları məşəldən bir az irəli gedərək M.Ə.Sabir adına şəhər məktəbi ilə üzbəüz yaşlı qadın Umunun evində qazın gəlişini seyr etdilər. Bunun ardınca biz Saatlıda təbii qazın açılışını etdik və kəndlərdə də qazlaşdırma işləri apardıq.
Qeyd etmək lazımdır ki, Politexnik İnstitutunu qiyabi bitirən Kamil Xıdır oğlu Qəniyev 1960-cı ildən ölkəmizin qaz təsərrüfatında fəaliyyət göstərir. Tikinti-quraşdırma idarəsinin tərkibində iş icraçısı kimi respublikamızın elə bir guşəsi yoxdur ki, orada onun əməyi olmasın. Hətta Naxçıvanda da qaz çəkilişində iştirak edib. Kamil Qəniyev deyir ki, “Ordubad şəhərinin qazlaşmasını mən aparmışam. O vaxtı Şəmsəddin Xanbabayev birinci katib, Rəqibə Abutalıbova isə şəhər Sovetinin sədri idi. Qüsursuz fəaliyyət göstərdiyimə görə hər dəfə mənim haqqımda baş idarəyə təşəkkür dolu məktublar ünvanlanmışdır.Yaşım 85-i ötsə də yenə fəaliyyətimi davam etdirirəm. Əməyim Sovet dövründə layiqincə qiymətləndirilmişdir. “Şərəf nişanı” ordeni, “Sosializm yarışının qalibi” döş nişanları ilə ilə təltif edilmişəm, digər mükafatlar almışam”.
Kamil Qəniyev daha sonra bunları da bildirdi: “Mənim fəaliyyətimin xeyli hissəsi ölkəmizin müstəqillik dövrünə düşür. İstərdim ki, yaşımın bu ahıl çağında öz Azərbaycanımızın da mükafatını alım. Bu mənim həyatımda ən böyük mükafat olar”.
Kamil Qəniyev gənclik illərində Sabirabadın valeybol üzrə yığma komandasının tərkibində güclü idmançı kimi yarışlarda fərqlənmişdir. O, həmçinin Sabirabad şəhərində bədii özfəaliyyət kollektivinin üzvü olmuşdur. Azərbaycan xalq mahnılarını, muğamlarımızı, bəstəkarların əsərlərini məharətlə ifa etmişdir. 1957-ci ildə musiqi festifalında “Bəstənigar” təsnifini yüksək səviyyədə oxumuş, Şövkət Ələkbərova, Əbülfət Əliyev və Əhsən Dadaşov tərəfindən bəyənilmişdir. Onların iştirakı ilə Kamil Qəniyevin ifa etdiyi “Bəstənigar” təsnifi səsyazma studiyasında lentə alınmışdır.
Kamil Qəniyevin ömür-gün yoldaşı Vəsilə xanım ixtisasca tibb bacısıdır. Bakıda 1 nömrəli Tibb Texnikumunu bitirib. Uzun illər tibb sahəsində fədakarlıqla çalışmış Vəsilə xanım hazırda təqaüddədir.
Kamil kişi fərəhli keçmiş həyatından, həyat yoldaşından, balalarından, el - obasından elə fərəhlə danışdı ki... Danışdıqca elə hey düşünürdüm: Vəsilə xanımı da eşidə bilsəydim...Elə bu vaxt özü söhbətə qoşulur:
-Səmimi, mehriban, nümunəvi ailəmiz olub. Həmişə qohumlarla, qonşularla bir yerə toplaşmışıq. Gözəl iş kollektivimiz var idi, gözəl günlər idi, çox gözəl ailəm var, bəxtimə ailəyə dəyər verən belə bir gözəl insan düşüb. Sayıb-seçdiyiniz üçün sağ olun. Allah gənclərimizi qorusun, Allah ailələrimizi güclü, möhkəm etsin ki, dövlətimiz də güclü, qüdrətli olsun!
Söhbətimizin sonunda Kamil Qəniyev uzunömürlü nikahlarının sirrlərini bölüşərək dedi:
- Ailə dəyərlərinin qorunub saxlanılması cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olmalıdır. İlk növbədə yaşadığım həyata, qurduğum ailəyə, övladıma, nəvələrimə görə Allahıma sonsuz şükürlər deyirəm. İnsan şükürlü olmalıdır ki, Allah hər zaman onun yanında olsun. Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Ömür-gün yoldaşımla həyatımızı anlayışlı, bir-birimizə hörmət edərək yaşadıq. Hər günümüzü şükür ilə açdıq, hər gün bir-birimizə daha da bağlandıq. Övladlarımıza örnək olaraq mehriban, deyib-gülən ailə nümunəsi göstərdik. Onlar da bu yolu davam etdirirlər. Şükürlər olsun ki, övladımın, gəlinimin, nəvələrimin yaxşı sorağını eşidirəm. Bütün bunlar isə ailə dayaqlarını daha da möhkəmləndirir, bizim ömrümüzü artırır. Bütün ailələrə xoşbəxtlik arzulayıram.
Xeyirxahlıq, məsləhət, güvənc yeri olan bu ünvandan, hamının haqqında hörmətlə söz açdığı Qəniyevlər ailəsindən çox gözəl hisslərlə ayrılırıq...
Elçin NƏSİB