Kamil Həkimov(Akimov) 1927-ci il iyulun 11-də Sabirabadda anadan olub. Onun valideynləri Samaxıda doğulub böyüsələr də Sabirabadda ailə qurmuşlar. Atası Əlisoltan və anası Xanım Nəcəfqulu qızı Sabirabada 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının tüğyan etdiyi günlərdə pənah gətirmişdilər.
Ötən əsrin otuzuncu illərinin əvvəllərində Kamilgilin ailəsi Bakıya köçür. Bir müddətdən sonra ailə çarəsizlikdən yenidən Sabirabada qayıtmalı olur. Sonra qanlı-qadalı müharibə başlayır. Ailənin iki oğlu müharibəyə yollanır. Kamil 1942-ci ildə Sabirabad şəhər orta məktəbinin 8-ci sinfini bitirir. Ailənin ehtiyacı üzündən o, əmanət kassasında müfəttiş işləməyə başlayır.
1942-ci ilin ağrılı-acılı günlərinin birində Kamil radiodan eşidir ki, Bakı Neft Texnikumu tələbə qəbul edir. Özü də texnikuma qəbul edilənlər ordu sıralarına çağırışdan azad edilirlər. Kamil bu xəbəri atasına çatdırır. Əlisoltan kişi çox sevinir. Axı, cəbhəyə verdiyi iki oğlunun nigarançılığını çəkirdi, bu gün-sabah Kamili də aparsalar nə edəcəkdi.
Kamil tez-tələsik sənədlərini hazırlayıb həmin texnikuma verir və qəbul olunur. O, 1947-ci ildə texnikumu əla qiymətlərlə bitirir. Texnikumu fəqlənmə diplomu ilə başa vurduğuna görə o, Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-kimya texnologiyaları şöbəsinə imtahansız qəbul edilir.
Texnikumda oxuduğu illərdə olduğu kimi, burada da o yay tətilində Stalin adına Bakı Neft Emalı zavodunda fəhlə işləyir. 1952-ci ildə isə Kamil institutu bitirərək diplomunu həmin zavodun rəhbərliyinə təqdim edir. Onu Qoşa qurğuya rəis təyin edirlər. Az müddətdən sonra iş bacarığını nəzərə alıb Kamili zavodun birinci sexinin rəisi göndərirlər.
Həmin dövrdə Kamilin ailəsində faciəli hadisələr baş verir. Qardaşı Müseyib müharibədə aldığı qəlpə yarasından dünyasını dəyişir. Sonra atası vəfat edir. O, kiçik bacısı Şövkətlə birdəfəlik Sabirabaddan Bakıya köçür. Sonra anası da rayondakı evlərini satıb Kamillə yaşayır.
Kamilin əmək fəaliyyətində isə uğurları artır. Rüstəm İsmayılov və Əliş Ləmbəranski kimi şəxslərin rəhbərlik etdikləri bir müəssisədə çalışmaq o qədər də asan məsələ deyildi. Ancaq o, tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlir. Kamil bir müddət 6 nömrəli sexdə də işləyir. Özünün dediyi kimi, “sex rəisliyi, yaxud o vaxtlar deyildiyi kimi, orta pillə istehsalat komandiri olduğum illəri özüm üçün çox faydalı və səmərəli illər kimi qiymətləndirirəm”.
1959-cu ildə gənc mühəndislərin bir qrupuna , o cümlədən Kamil Həkimova İraqa getmək təklif olunur. O, İraqın paytaxtı Bağdadın 25 kilometrliyində yerləşən “Dora” neft emalı zavodunda çalışır. Burada olduğu illərdə və işlədiyi dövrdə Kərbəlanı ziyarət edir.
O, Vətənə qayıtdıqdan sonra 1962-ci ildə çalışdığı zavodun baş mühəndisinin müavini təyin edilir. 1963-cü ildə isə respublikamızda yenicə yaranmış Partiya-Dövlət nəzarəti komitəsində şöbə müdirinin müavini vəzifəsində işləməyə başlayır. O, bu komitədə bir ildən çox işləyir və dediyi kimi “çox şey öyrənir”.
1964-cü ildə Kamil müəllim Əlheydər Qarayev adına Bakı Neft Emalı zavoduna direktor göndərilir. Qısa bir müddətdə burada xeyli iş görülür. Köhnə avadanlıqlar yenisi ilə əvəzlənir, zavodun uğurları artır. Yaxşı işinə görə ona “Şərəf nişanı” ordeni verilir. 1967-ci ildə isə Kamil Həkimov Respublika Neft Emalı və Neft-Kimya Sənayesi nazirinin birinci müavini təyin olunur.
Ümummilli Liderimiz Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkənin bütün sahələrinin, o cümlədən neft sənayesinin inkişafına təkan verdi. Kamil Həkimov Heydər Əliyevin göstərişi ilə 1970-ci ildə Neft Emalı və Neft-Kimya Sənayesi naziri qoyulur. Kamil müəllim həmin günü Böyük Öndərlə söhbətini belə xatırlayırdı:
-Unudulmaz Ümummilli Liderimizlə həmin söhbət mənim həyatımda və taleyimdə son dərəcə böyük rol oynadı və qarşıdakı on ildə mənə Azərbaycan iqtisadiyyatının çox böyük və qüdrətli bir sahəsinə rəhbərlik etmək şərəfini nəsib etdi.
Nazir kimi işə başladığı birinci gündən o, Manqışlaq yatağından çıxarılacaq neftin Kuybışev şəhərindəki emal müəssisələrinə nəql edilməsi üçün tədbirlər görməyə başladı. Kuybışev əməliyyatının nəticəsi bu oldu ki, Bakı müəssisələri hər il əlavə olaraq dörd milyon ton duru yanacaq emal etmək imkanı əldə etdilər. Bu münasibətlə o, Heydər Əliyevin, SSRİ Neft Emalı Sənayesi naziri Fyodorovun təbrikini aldı.
Həmin dövrdə ölkəmizdə neft zavodlarının maddi-texniki bazasının yenidən qurulması neft emalını xeyli artırdı və keyfiyyətini yaxşılaşdırdı. Bütün bunlar Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi işinə xidmət edirdi. 1976-cı ildə o, neft sənayesinin inkişafındakı xidmətlərinə görə ”Oktyabr inqilabı” ordeninə layiq görülür. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir.
Sonra o, öz xahişi ilə nazir postunu təhvil verir. Onun işdən getmək barədə ərizəsi Heydər Əliyevin sədrliyi ilə keçən iclasda geniş müzakirə olunur.
Kamil müəllim həmin tədbirdə Heydər Əliyevin çıxışını belə xatırlayırdı: “Doğrusu sənin vəzifədən getməyinə biz təəssüflənirik. Sən öz işinin mütəxəsisisən, vicdanla işləyirsən və yaxşı rəhbərsən”. Heydər Əliyevin mənim barəmdə dediyi bu sözlər ürəyimi qürur hissi ilə doldurdu. Deməli, o yuxusuz gecələr, çəkdiyim o zəhmət hədər deyilmiş və mən Heydər Əliyevin etimadını doğrultmuşam, vəzifəni də adıma ləkə salmadan hörmət-izzətlə tərk edirəm.
Sonra Kamil müəllim Heydər Əliyevin xeyir-duası ilə qrup rəhbəri kimi Kubaya yol aldı. Qrup rəhbəri xaricdə ən azı on səkkiz ay qalıb işləyə bilərdi. O isə 1982-ci ilin yanvarında təyyarə ilə Kubanın paytaxtı Havanaya uçdu və bir də 4 ildən sonra doğma Azərbaycana qayıtdı. Kamil Həkimovun əmək fəaliyyətinin növbəti mərhələsi “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində başladı. Burada da o, təşkilatçılıq bacarığı və peşəkarlığı ilə nümunə göstərdi.
Kamil Həkimov ömrünün ahıl vaxtlarında da neft emalı sənayesinə töhfələr verməkdə davam edib. SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində baş direktorun məsləhətçisi kimi fəaliyyət göstərən görkəmli mühəndisin neft emalı prosesində formalaşan neftşlamın emalı və zərəsizləşdirilməsi, sənaye çirkab sularının təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsinə dair verdiyi təkliflər uğurla həyata keçirilir. Kamil Həkimov daim öz həyat və əmək təcrübəsini gənclərlə bölüşmüş, peşəkar mühəndis və texnoloq kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.
Kamil Həkimov 17 iyun 2019-cu ildə vəfat etmişdir. Görkəmli mühəndis və ictimai xadim Kamil Həkimovun unudulmaz xatirəsi daim qəlblərdə yaşayacaq, onun neft emalı sənayesinə gətirdiyi yeniliklər bundan sonra da iqtisadiyyatımızın inkişafına töhfələr verməkdə davam edəcəkdir.
İlham DƏMİRQAYA,
“Muğanın səsi”