Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 18 fevral tarixində izlədiklərimiz onu deməyə əsas verir ki, son vaxtlar danışıqlar rəsmi Bakının diktə etdiyi çərçivədə gedir. Ermənistan tərəfi manipulyasiyalara nə qədər meyilli olsa da, bütün dünyanı aldatmağa çalışsa da, demək olar ki, beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətlərini birmənalı şəkildə qəbul edir və ölkəmizin üstünlüyü hər addımda hiss olunmaqdadır.
Müşahidə edilənlərdən sonra belə bir təəssürat yarandı ki, elə bil Ermənistan tərəfi üçtərəfli razılaşmalarda hansı öhdəlik götürdüyünü, ümumiyyətlə nəyə imza atdığını, Nikol Paşinyan hansı sənədi imzaladığını hələ də başa düşməyib. Yaxud adama elə gəlir ki, erməni baş nazir hələ indi də imzaladığı sənədə görə özünün və ölkəsinin hansı öhdəlik götürdüyünün fərqində deyil, əks halda bu dəfə də ağlına gələni sayıqlamazdı. Görünür, hələ də qanmaq niyyətində deyil və sayıqlamaları da ondan irəli gəlir, amma hər bir halda özünü də, ölkəsini də gülünc, rüsvayçı vəziyyətə qoymaqda davam edir. Ermənistan tərəfinin məsələyə bu qədər məsuliyyətsiz yanaşdığına rağmən Azərbaycan hələ də səbr nümayiş etdirir. Otuz ilə yaxın ölkəmizin, xalqımızın səbr etməsini düşünənlər bu məqamda da bir o qədər səbr ediləcəyini düşünürlərsə, yanılırlar, çünki artıq nə zaman o zamandır, nə də şərtlər o şərtlər deyil. Azərbaycan öz haqq və hüquqları uğrunda mübarizəyə qalxdığı zaman istər siyasi müstəvidə, istərsə də hərb meydanında qalib olmaq əzmindədir və bu da ermənilərin, eləcə də Fransa prezidenti Emmanuel Makronun timsalında ermənipərəstlərin məğlubiyyəti, fiaskosu deməkdir.
Ola bilsin, ermənilər öz fransız bacılarına arxalanırdılar, amma göründü ki, bu “iki bacı” birlikdə belə hec nəyə nail ola bilməzlər və ölkəmizin, ölkə başçımızın siyasi iradəsi, qətiyyəti qarşısında acizdirlər. Rəsmi Parisin ermənipərəst mövqeyini diqqətə çatdıran Azərbaycan Prezidenti, cənab İlham Əliyev Fransanın proseslərədə hansı formadasa iştirakının mümkünsüzlüyünü bir daha qətiyyətlə vurğuladı. Paşinyan və Makron bacıları isə bu qətiyyəti çarəsiz şəkildə izləməli oldular və ümid edirik ki, bundan sonra boş, mənasız xəyallar qurmaz, puç olacaq arzularla yaşamazlar. “Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməyimizdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, baş nazir Nikol Paşinyanın yanında deyirəm ki, onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”, deyən Fransa prezidenti Makron yenə də Ermənistana açıq dəstək ifadə etsə də sonradan dərk etdi ki, onun kimin yanında dayanması Azərbaycanın mövqeyinə, qətiyyətinə qətiyyən təsir edə bilməz.
Doğrudur, bəlkə də Nikol, yaxud ermənilərin əksəriyyəti Fransa liderinin sözlərindən bir qədər ruhlanmaq arzusuna düşə bilərlər. Yaxud, erməni baş nazir Makronun sözlərindən Ermənistanda daxili auditoriya üçün də istifadə edəcəyini düşünər. Amma bütövlükdə ermənilər hamısı birdəfəlik başa düşməlidirlər ki, onlar tarixin bütün mərhələlərində istifadə olunublar və bu dəfə də istifadə olunmaqdadırlar. Bilməlidirlər ki, Fransa prezidenti onlardan istifadə edərək, geosiyasi oyun oynayır və burada erməni xalqı, yaxud Ermənistan alət rolundadır. Fransa məhz Ermənistana guya arxa durduğunu elan edərək, eləcə də Rusiyanın rolunun sıfıra endiyini bəyan edərək, bölgədə öz varlığına şərait yaratmağa, regiona soxulmağa cəhd edir. Ermənipərəst mövqe nümayiş etdirilməklə, İrəvana da mesaj verilir ki, yeganə dayağı Fransadır və onların oyunlarından kənara çıxılsa, meydanda tamamilə tək qalmalı olacaq. Deməli, Fransa İrəvanı öz oyununda bir fiqur kimi istifadə edir, hansı ki, bunu başda Nikolun özü olmaqla, ermənilər nə qədər tez anlasalar bir o qədər onlar üçün yaxşı olar.
Təbii ki, Azərbaycanın öz reallığı var və burada rəsmi Parisin, Fransa prezidentinin, yaxud hansısa ermənipərəstin hansı mövqedə olması zərrə qədər dəyişiklik yaratmır, hansısa təsirə də malik deyil. Bu məqamı Münhendə Fransa və Ermənistan liderləri gördülər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu dəfə də siyasi iradə nümayiş etdirdi və qətiyyət göstərdi, mövqeyimizin dəyişməz olduğunu bəyan etdi. Ermənilərin, yaxud ermənipərəstlərin bundan sonra da hansısa xam xəyallara düşməsi zənnimizcə axmaqlıqdan başqa bir şey olmaz, çünki hərhansı cəhdlərinin davamlı şəkildə fiasloya uğradığının bu dəfə də şahidi oldular.
Ramil İsayev,
Sabirabad rayonu Əhmədabad bələdiyyəsinin sədri