Bu il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerli sahəsində qazandığı növbəti uğura imza ataraq “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib. Qovşağın texniki göstəriciləri ilə yaxından tanışlıqdan sonra ölkə başçısı həm də Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verdi.
Qeyd edilməlidir ki, Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz buna görə bu gün Avropa dövlətlərinin bir çoxu alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirib. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir”. Prezident İlham Əliyev bu fikirləri “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib. Prezident bildirib ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız vardır.
Dövlətimizin başçısı AZƏRTAC-a müsahibəsində həm də bildirib ki, bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini görürük. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisin başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb. Azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirən Prezident İlham Əliyev yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var. Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.
Şəhriyar Həsənov,
Sabirabad rayonu Gənclərin Kariyera və
İnkişaf Mərkəzinin könüllüsü