“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”
Bu fikirləri Prezident İlham Əliyev fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışındakı nitqində bildirib.
Ölkə başçısı Cənub Qaz Dəhlizinin iki ildən bir qədər çox müddətdə istifadəyə verilməsinə baxmayaraq artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər nəzərdən keçirilməsi və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi barədə danışılmasından bəhs edərək bunun alternativ enerji mənbəyinə böyük ehtiyac olmasının göstərici olduğunu vurğulayıb: “Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.
Azərbaycan resursları hesabına Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə bu il yeni yataqlardan hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılması və ölkə daxilində enerji səmərəliliyi istiqamətində işlərə başlanılıb. Sonuncu tədbirin mahiyyəti ölkədə elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət etməyə xidmət edir.
Azərbaycanın qaz ixracı isə hələ bir neçə il əvvəldən artmağa başlayıb. əgər 2021-ci ildə təxminən 19 milyard kubmetr qaz ixrac edilmişdisə, ötən il bu göstərici 22,6 milyard kubmetr olub. Cari ildə isə bu rəqəmin 24,5 milyard kubmetr olması gözlənilir. Konkret Avropaya gəlincə, 2021-ci ildə Azərbaycanın təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcminin ən azı 11,6 milyard kubmetr olacağı proqnozlaşdırılıb.
Həmçinin Azərbaycan “Masdar” və “ACWA Power” şirkətləri ilə birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Prezident İlham Əliyev bildirib ki, təxminən bir il və ya ilyarım ərzində bu həcmdə bərpaolunan enerji istehsal ediləcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.
Qarşıda duran digər məsələ isə “yaşıl enerji” ixracı ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, hazırda ölkəmizlə bu sahədə əməkdaşlığa maraq göstərən dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var. Ölkə başçısı, həmçinin vurğulayıb ki, bu sahədə konseptual məsələlər həllini tapmalıdır: “Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır”.
Bu sahədə potensiala gəlincə, ölkəmizin quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.
Azərbaycanda hələ ki, üç əsas enerji şirkəti razılaşdırılmış və imzalanmış anlaşma memorandumu uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə əlavə olaraq 2,5 qiqavat enerji istehsal edəcək.
Lakin aydın məsələdir ki, bərpaolunan enerji mənbələri ilə yanaşı, onun ixrac edilməsi ilə bağlı marşrutlar və infrastruktur da gərəklidir. Artıq bu istiqamətdə də ilk addımlar atılıb. Ötən ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb. Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etməyi nəzərdə tutur. Bu, Azərbaycanın bərpaolunan enerji potensialı və istehsal imkanları ilə müqayisədə kiçik göstərici olsa da ixrac üçün artıq razılaşdırılmış həcmi əhatə edir.
Bununla belə, Azərbaycan digər layihələrdə olduğu kimi, bu dəfə tədbirli davranış nümayiş etdirməkdədir. Bu mənada ölkə başçısı sözügedən çıxışında potensial investorların vacibliyini vurğulayıb: “Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.
Davamlı dəstəyinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına xüsusi təşəkkürümü bildirirəm. Həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürümü bildirmək istərdim. Çünki onlar təşəbbüsümüzü davamlı dəstəkləmiş, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etmişlər.…Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”.
Azərbaycanın güclü siyasi iradə və uğurlu fəaliyyət tarixçəsi mövcuddur. Müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirilən buna misaldır. Ölkə başçısı da bunu əsas götürərək də əminliklə vurğulayıb ki, Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planları uğurlu olacaq: “Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq”.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi