• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndərin qayğısından bəhrələnməsin

  • 17.01.2023, 17:24, Baxış sayı:
  • 180
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndərin qayğısından bəhrələnməsin
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.
Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır.
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
1969-cu ildə respublikamızda bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi. Cəmi 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı.
2003-cü ildə isə respublikamızın mədəniyyət müəssisələrinin sayı xeyli dərəcədə artmışdır. Həmin dövrdəki məlumatlara görə, ölkəmizdə 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu, 232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasi xadimə çox böyük ehtiyacı var idi.
Mədəniyyətimizin kadr potensialı uzaqgörən siyasətçi Heydər Əliyevin sayəsində gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır.
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.
Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.
Bakıda qeyd olunan tanınmış sənət adamlarının tarixi yubileyləri -
Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur.
Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.
Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı.
Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəni obyektlər təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görüldülər.
Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.
Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.
Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.
Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda, xüsusilə Sabiabadda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.
Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.
Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Deyə bilərəm ki, onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şeylər öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri- teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
Heydər Əliyev Fondunun ötən dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində də xidmətləri diqqətəlayiqdir. Fond xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə həssaslıqla yanaşaraq onun dünya arenasında təbliğində fəal iştirak edir.
Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması oldu. UNESCO xətti ilə hazırlanmış alboma bu adın seçilməsi bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirildi.
Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilir. 44 günlük Vətən müharibəsindən sonra Şuşada Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu kimi mədəni-kütləvi tədbirlərin sayı aydan-aya artmaqdadır.
Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir, ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir.
«Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar» - deyən möhtərəm Prezidentimiz xalqın inkişafı yolunda dönməz mübariz olduğunu daim sübut edir və məhz onun rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ürəkaçan nailiyyətlər qazanılmışdır.
Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm Prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur».
Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.

Fərid QURBANZADƏ,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter